Bu gün iş vaxtını səmərəli idarə etmək əvvəlkindən daha çətindir. Distant işə keçəndən sona çoxları ofis həyatının məhsuldarlığı idarə edən meyarlarını itirdi. Bu o deməkdir ki, əgər evdən işləmək istəyiriksə, yeni strategiyalara ehtiyacımız var.
Paper Giant tərəfindən Atlassian üçün aparılmış yeni qlobal araşdırmada, respondentlərin 40%-i evdən işləyən zaman iş saatlarının əhəmiyyətli dərəcədə artdığını qeyd ediblər.
Sizin üçün yaxşı xəbər budur ki, belə olmalı deyil. Ofisdən kənarda olarkən məhsuldarlığınızı artırmaq üçün istifadə edə biləcəyiniz metodlar var. Onlar sizə sağlamlığı və iş-həyat tarazlığını pozmadan bütün vəzifələri yerinə yetirməyə kömək edəcək. Və budur, mütəxəssislər tərəfindən təsdiqlənmiş 9 məhsuldarlıq prinsipini sizə təqdim edirik.
1. İş masaüstünü səliqəli saxlayın
Paper Giant tərəfindən aparılan araşdırmaya görə, işçilərin 49%-i evdən işləməyə davam etmək üçün iş şəraitini təkmilləşdirmək lazım olduğunu düşünür. Eyni zamanda onların üçdə birindən çoxu (34%) evdəki iş şəraitinin ofislə müqayisədə daha az rahat olduğunu açıqlayır. Bu problemin həlli yolu nədir? Kağız-kuğuzun yerini dəyişdirməyin və masanızı səliqəyə salın.
Journal of Neuroscience jurnalında dərc olunmuş məqalədə deyilir ki, tör-töküntü beynimizin məlumatları emal etmə qabiliyyətini məhdudlaşdırır. Yəni, işlərin daha sürətli getməsini istəyirsinizsə, səliqə-sahman yaratmağın vaxtıdır.
Birincisi, “ev” ofisinizi zonalara bölməyə çalışın: uzunmüddətli layihələr üçün ayrı-ayrı yerlər olmalıdır. Daha sonra masanın üstündən hər şeyi götürün və yalnız gündəlik istifadə üçün lazım olan əşyaları qoyun.
Nəhayət, bacardığınız qədər özünüzü rənglərlə əhatə edin – divardakı rəsmdən tutmuş kompüterinizin fon şəklinə qədər. Rəng əhval-ruhiyyəyə təsir göstərir, məsələn, mavi və yaşıl məhsuldarlığı artırır.
2. Bir anda yalnız bir tapşırığı yerinə yetirin
Sərt həqiqət budur ki, çox az adam eyni anda bir neçə iş yerinə yetirə bilər. Yuta Universitetinin professoru David Streyerə görə, onlar əhalinin yalnız 2%-ni təşkil edir. Məsələ burasındadır ki, bir tapşırıqdan digərinə keçid etməklə nəticədə daha az iş görmüş oluruq. Və bunun yalnız bir həll yolu var – çoxvəzifəlilik bədheybətini məğlub etmək və monovəzifəliliyə keçmək.
“Bizə çoxvəzifəliliyin dəyərli bir bacarıq olduğunu öyrədirlər, amma bu, həqiqətdən uzaqdır”, – deyə biznes-məşqçi Rayan Cekson söyləyir. – Daha məhsuldar bir yanaşma günün və ya günün yarısının tematik və ya bir-birinə oxşar olan tapşırıqlara ayırmağı nəzərdə tutur. Bu şəkildə tapşırıqları biri-bir həll edəcəksiniz və bəzə konsentrasiyanız pozulsa da, sürətli şəkildə işə qayıdacaqsınız”.
3. Gününüzü axşamdan planlaşdırın
Paper Giant tərəfindən aparılan araşdırmaya görə, işçilərin 44%-i özünü motivasiya etmək bacarığını vacib sayır. Bunun ən yaxşı yollarından biri isə görüləcək işlərin siyahısını hazırlamaqdır.
Hələ işdə olarkən günün son 10 dəqiqəsini planlaşdırmaya həsr edin, sabah nə edəcəyinizi müəyyənləşdirin. Belə ki, bu və ya digər tapşırıq düşündüyünüzdən iki dəfə çox vaxt ala bilər. Mütəxəssislər planlaşdırma zamanı təcili və vacib işlər matrisindən istifadə etməyi tövsiyə edirlər.
O, Eyzenhauer matrisinə oxşayır və görüləcək tapşırıqları onların aktuallığına və əhəmiyyətinə görə dörd kateqoriyaya bölür. Beləliklə, növbəti gündə ilk hansı işlərdən başlamalı olduğunuzu biləcəksiniz.
4. Yerinə yetirməli olduğunuz işləri siyahıya alın
Tutaq ki, görüləcək işlərin siyahısını hazırladınız, lakin həqiqətən məhsuldar iş üçün bunun əksini də etmək lazım olacaq – etməyəcəyiniz işlərin siyahısını yazmaq. Sosial medianı yoxlamaqdan, pişiklərin videolarını izləməkdən və mətbəxə qab yumağa getməkdən tutmuş vaxtınızı alan və hədəflərinizə mane olan hər bir şeyi bu siyahıya əlavə edin.
“Nə işlə məşğul olduğunuzu yoxlayan müdir olmayanda hətta ən intizamlı işçilər belə vaxt itirməyə meylli olurlar”, – Cekson qeyd edir. İşinizi bir qədər asanlaşdırmaq üçün müəyyən saytlara girişi məhdudlaşdıran RescueTime, LeechBlock və ya SelfControl tətbiqlərindən istifadə edə bilərsiniz.
5. Qrafikinizdə “axın” üçün yer ayırın
“Axın” vaxtı – hiperkonsentrasiya ilə xarakterizə olunan ən səmərəli olduğunuz dövrdür. Bəzi insanlarda bu səhər tezdən, bəzilərində isə günorta və ya axşam saatlarına düşür. “Axın”ınızın nə zaman olduğunu müəyyənləşdirdikdən sonra, ən mürəkkəb işlərinizi həmin saat aralığına planlaşdırın. Yaxşı olar ki, belə işlərə gündə ən azı 90 dəqiqə vaxt ayırasınız.
“Dərin iş yüksək konsentrasiya ilə və diqqət yayındıran faktorlar olmadan görülməlidir, əks halda daha xırda tapşırıqlara meyllənəcəksiniz və nəticədə heç vaxt böyük irəliləyişə nail ola bilməyəcəksiniz”, – kouç Devid Griv söyləyir.
6. “Pareto prinsipi” və “Pomidoro texnikası”
“Pareto prinsipi” və ya “80-20 qaydası” göstərdiyiniz səylərin 20%-nin nəticənin 80%-ni verdiyini deyir. Başqa sözlə desək, daha məhsuldar olmaq üçün işinizin 80%-nə təsir göstərən həmin 20%-i tapmalısınız və daim onlara üstünlük verməlisiniz.
Daha sonra “Pomidoro texnikası”ndan (25 dəqiqə iş və 5 dəqiqə istirahət) istifadə edərək bu 20% üzərində işləməyə sərf olunan dəqiqələrin sayını maksimum dərəcədə artırmalısınız.
“Konsentrasiyaya güclü təsir göstərən amillərdən biri də zehni dayanıqlıqdır, – Griv əlavə edir. – “Pomidoro texnikası” və “Pareto prinsipi” vaxtınızı daha səmərəli idarə etməyə kömək edəcək iki metoddur”.
7. Peşəkar kimi yatmağı öyrənin
Adi ofisdə mürgüləmək olmaz, təbii ki, işdən çıxarılmaq istəmirsinizsə. Distant işləyən zaman bu imkandan öz maraqlarınıza uyğun istifadə edə bilərsiniz. Məsələn, nahardan sonra 20 dəqiqə yuxu alsanız, idrak və yaradıcılıq qabiliyyətinizi xeyli yüksəldəcəksiniz.
Özünüzü yalnız 20 dəqiqə ilə məhdudlaşdıraraq, sizi yuxusuz edəcək və istiqamətinizi pozacaq daha dərin yuxuya girməyəcəksiniz. Maksimum enerji almaq üçün yatmazdan əvvəl bir fincan qəhvə için. Tədqiqatçılar kofeinin fizioloji təsirlərini göstərmək üçün təqribən 20 dəqiqəyə ehtiyac olduğunu təsbit etdilər.
8. Uğurlu insan kimi geyinin
Evdən işləyəndə necə geyinməyiniz vacib deyil – ümumiyyətlə heç nə geyinməyə bilərsiniz. Ancaq məhsuldarlıq səviyyəsindən danışırıqsa, bu böyük bir səhvdir. Önümüzdəki günə hazırlıq beyinə oyanmaq vaxtının gəldiyi barədə siqnal verir. Bu, zehni enerjini artırır.
“Düzgün paltar özündə iş düşüncə tərzini nəzərdə tutur ki, bu da konsentrasiya səviyyəsinin yüksək olması üçün çox vacibdir”, – biznes və innovasiyalar üzrə ekspert Erik Vulf-Mürrey söyləyir. Bu o demək deyil ki, evdən işlədiyiniz müddətdə qara kostyum geyinməlisiniz – işgüzar üsluba üstünlük verməyiniz kifayət edər.
9. İş gününüzün “məcburi sonu”nu müəyyən edin
Aparıcı idmançılar istirahətin məşq qədər vacib olduğunu bilirlər və əgər siz də məhsuldarlığınızın yaxşılaşmasını istəyirsinizsə, bunu nəzərə almalısınız. Evdən işləyəndə iş saatlarında yerinə yetirməli olduğunuz tapşırıqları axşama təxirə salmaq asandır. Bu həm şəxsi həyatınız, həm də növbəti gününüz üçün problemə çevrilə bilər. (Paper Giant-ın araşdırması işçilərin əksəriyyətinin ev həyatlarını “müstəmləkə”yə çevirməsindən şikayət etdiyini göstərir).
Aşırı iş stresə və tükənməyə səbəb ola bilər. Bu, təkcə məhsuldarlığa deyil, həm də ruhi sağlamlığa və rifaha zərər verir. “Bunun yerinə iş gününün bitmə vaxtını təyin edin və nə olursa olsun, ona əməl edin”, – Grem vurğulayır. Əgər sərt qrafikə əməl etməkdə çətinlik çəkirsinizsə, buna görə məsul olan şəxs tapın – həmkarınızı, dostunuzu və ya meneceri. İş gününün sonunda onunla zəngləşin. Unutmayın ki, sərt finiş xətti ertəsi günü daha səmərəli fəaliyyət deməkdir.
Bu tövsiyələri elə indi tətbiq etməyə başlayın
Bu tövsiyələrdən maksimum dərəcədə faydalanmaq istəyirsiniz? Onda onlardan iksini seçin və elə indi tətbiq etməyə başlayın.
Əgər iş gününüz sona yaxınlaşırsa, istirahət edin və yeni qaydalara sabahdan riayət edin. Doqquzuncu tövsiyəmiz çox əladır, doğrudur?