“Apple” cihazlarını yığan və elektronika istehsal edən “Foxconn” şirkəti bundan sonra iPad və MacBook-ları Vyetnamda yığacaq.
Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.
Qeyd olunur ki, belə bir qərar “Apple”in göstərişi ilə verilib.
Hal-hazırda “Foxconn” Vyetnamın şimal-şərqində yerləşəcək və 2021-ci ilin birinci yarısında işə başlayacaq fabrikdə təmir işlərini aparır. Mütəxəssislərin fikrincə, Amerika şirkəti ABŞ və Çin arasında gedən ticarət müharibəsini nəzərə alaraq istehsalını şaxələndirmək istəyir. Qeyd edək ki, eyni fabrikdə televizorlar (“Sony” üçün) və digər cihazlar istehsal ediləcək.
Xatırladaq ki, “Foxconn” şirkətinin bu qərarı iPad istehsalını Çinin xaricində başlamaq deməkdir: indiyədək bütün cihazlar yalnız bu ölkə ərazisində istehsal edilib. Bundan əlavə, “Foxconn” Hindistanda iPhone istehsalını genişləndirmək üçün 1 milyard dollar xərcləməyi planlaşdırır.
Bu il “Apple” iki yeni iPad modeli və dörd yeni MacBook noutbukunu təqdim edib. Yazda və yayın əvvəlində iPad Pro, MacBook Air və MacBook Pro nümayiş etdirilib. Payızda şirkət yenilənmiş iPad Air və yeni iki noutbuk modelini, bundan əvvəl isə iPhone 12 smartfonunu təqdim edib.