“Hazırda bütün diqqət, görülən tədbirlər koronavirusun yayılmasının qarşısının alınmasına yönəldilib. Çünki yoluxma sayı hər gün daha da artır”.
Bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva deyib.
O bildirib ki, yay aylarına nisbətən xəstəliyə yoluxma sayı hər gün çoxalır, bunun da səbəbi insanların karantin qaydalarına tam riayət etməməsidir: “Son günlər maska taxılması ilə bağlı qaydalara əməl olunsa da, yenə də tam riayət edilmir. Bəzi hallarda insanlar maskasız olurlar, maskanı düzgün istifadə etmirlər, ya çənə altında saxlayırlar, ya ağız nahiyəsini örtürlər, burun isə açıq qalır. Maska taxma qaydalarına əhali ciddi riayət etmir. Bundan əlavə, əl gigiyenasına əməl olunmur. Əllərin dezinfeksiya edilməsi, yuyulması, eyni zamanda məsafənin gözlənilməməsi yoluxma sayına təsir edir. Bir çox halda supermarketlərdə, dayanacaqlarda insanlar sosial məsafəni gözləmirlər. Son günlər qələbə ilə bağlı tədbirlər, insanların bir yerə toplaşması, bayram etməsi çox gözəldir. Amma koronavirus infeksiyasının bütün dünyada olduğu kimi, Azərbaycanda da artımla müşahidə olunduğunu yaddan çıxartmamalıyıq. İnsanlar belə hallarda daha çox təmasda olur, karantin qaydalarını pozurlar, nəticədə xəstəlikdə artım müşahidə olunur. Hazırda böyük təbliğat sistemi var, insanlara xatırladılır ki, koronavirusu yaddan çıxarmaq olmaz. Eyni zamanda polis xidməti tərəfindən cəza tədbirləri həyata keçirilir, yəqin bunun da təsiri olacaq. Hələ ki, xəstəlik artımla davam edir”.
A. Əliyeva qeyd edib ki, xəstəliyin pik həddi haqqında xəstəlik azalmağa başlayandan sonra demək mümkün olacaq: “O zaman biləcəyik ki, xəstəliyin pik həddi hansı gündə və nə qədər olub. İndi xəstəliyin pik həddindən danışmaq bir az tezdir”.
Direktor müavininin sözlərinə görə, hazırda payız-qış mövsümünə xas olan hava-damcı infeksiyalarından respirator virus və qrip infeksiyasının yayılma vaxtıdır: “Hazırda bu xəstəliklər elə də müşahidə edilmir. Temperaturu, narahatlığı olan şəxs laborator müayinədən keçdikdə onda koronavirus aşkarlanır. Bu dəqiqə koronavirus digər respirator virus infeksiyalarını üstələyib, yəni daha çoxdur. Hazırda Azərbaycanda qripə qarşı peyvəndləmə aparılır. Bu, insanların, ümumiyyətlə, immun səviyyəsinin bir qədər yüksəlməsinə səbəb olar. Əgər birinə qrip peyvəndi vurulubsa, həmin şəxs xəstələnərsə, onda qripi istisna edərik. O vaxt həmin şəxsin koronavirusa yoluxduğunu hesab edərək laborator müalicəyə cəlb etmiş olarıq. Ona görə də əhali bir daha məlumatlansın ki, hazırda respublikanın tibb müəssisələrində qrip əleyhinə vaksin var və peyvəndləmə işi davam edir. Yəni insanlar bu mövsüm qripdən tam qorunmaq üçün müraciət edərək peyvənd oluna bilərlər”.
A. Əliyeva vurğulayıb ki, respublika üzrə vaksinasiya oktyabrın 12-dən başlayıb, ilk olaraq risk qrupu olan tibb işçiləri, xroniki xəstəlikləri olanlar peyvəndə cəlb olunublar.
O, koronavirusdan qorunmağın yolunun bütün karantin qaydalarına əməl etmək olduğunu vurğulayıb: “Eyni zamanda karantin qaydalarına riayət edərək həm koronavirusdan, həm qripdən, həm digər respirator virus infeksiyalarından qorunmuş olarıq. Əl gigiyenasına riayət edilərsə, ümumiyyətlə, yoluxucu xəstəliklərdən qorunmaq mümkündür”.