Bu gün bulud xidmətləri ilə məşğul olan “Salesforce” 27,7 milyard dollara “Slack” xidmətini alacağını açıqlayıb.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Xatırladaq ki, “Salesforce” və “Slack” arasında gedən danışıqlar barəsində “The Wall Street Journal” və “Reuters” məlumat yayıb. Bu xəbər fonunda messencerin səhmləri 25%-dən çox artaraq, xidmətin bazar dəyərini 17 milyard dollardan 20 milyard dollara qədər yüksəlməsinə səbəb olub.
“Slack” xidmətinin populyarlaşmasının səbəblərindən biri də koronavirus pandemiyasıdır: 2020-ci ilin ikinci rübündə şirkət gəlirini 49%, 215,9 milyon dollara qədər artırıb, zərərini isə 359,6 milyon dollardan 73 milyon dollara qədər azaldıb. Ümumilikdə, “Slack”ın 130 min ödənişli istifadəçisi var ki, bu da ötən illə müqayisədə 30% çoxdur.
CNBC bu müqavilənin “Slack” xidmətini “Microsoft”un “Teams” xidməti üçün “ciddi rəqibə” çevirəcəyini hesab edir.