“Visa” tərəfdaşları ilə birlikdə “cashback” olaraq mil və ya real pul deyil, bitkoin qaytaran kredit kartlarını istifadəyə verəcək.
Banker.az xəbər verir ki, bu barədə kriptovalyuta sahəsindəki startaplardan biri olan “BlockFi” məlumat yayıb. Qeyd edək ki, “Visa” yeni məhsulunu məhz “BlockFi” ilə əməkdaşlıq çərçivəsində buraxır.
“BlockFi” öz saytında bu kartı almaq istəyən şəxslər üçün gözləmə siyahısını açıb. Yanvar ayında siyahı hər kəs üçün əlçatan olacaq, kartların istehsalına isə 2021-ci ilin yazında başlanacaq.
Bildirildiyi kimi, kart hər əməliyyatdan müştəriyə 1,5% “cashback” qaytaracaq. Zaman keçdikcə toplanan məbləğ çoxalacaq və avtomatik olaraq bitkoinə konvertasiya ediləcək. Kartın özü plastikdən yox, metal materialından olacaq. Qeyd edək ki, bu ideyadan ilk dəfə “Apple” istifadə etmişdir – o, “Goldman Sachs”ın əməkdaşlığı ilə titandan kartlar düzəltmişdir.
Əgər ilk üç ayda xərclənən məbləğ 3 min dolları keçərsə, “BlockFi” bonus şəklində müştərinin hesabına 250 dollar köçürəcək. Startap açıqlayır ki, bu, kriptovalyuta dünyasında ilk kartdır. Hər kartın üzərində bitkoinin loqosu həkk ediləcək. İlkin mərhələdə kart yalnız ABŞ-da istifadə edilə bilər, lakin uzunmüddətli perspektivdə digər ölkələrin də bu layihəyə qoşulması planlaşdırılır.
Xatırladaq ki, hələ aprel ayında “Visa” ödəmə sistemi “Fold” startapı ilə əməkdaşlıq müqaviləsini bağlamışdı.
Son günlərdə bitkoin tarixi rekordu yenilədi və 19 783 dollar səviyyəsinə çatdı. Bu, 2017-ci il 18 dekabrdan bu yana ən yüksək göstəricidir.