24 C
Baku
Sunday, July 6, 2025

Büdcə layihəsi hələ də Milli Məclisə daxil olmayıb

Azərbaycanda 2021-ci ilin startına cəmi 28 gün qalıb. Lakin, Milli Məclisdə büdcə layihəsi ilə bağlı hər hansısa məlumat müzakirəyə belə çıxarılmayıb. Halbuki, 2020-ci ilin dövlət büdcəsinin nəinki qəbulu, hətta təsdiqlənməsi təqribən dekabrın ilk ongünlüyündə edilmişdi.

Bununla bağlı hər hansısa məsələ Milli Məclisə daxil olmayıb, bu barədə Banker.az-a MM-dəki mənbədən məlumat daxil olub.

Bunun səbəbini isə öncəki illərdən fərqli olarq bu ilin sentyabrın 27-dən başlanan müharibə dövrü və işğaldan azad edilmiş ərazilərlə bağlı olduğunu bildirirlər. Rəsmlərdən buna ilk reaksiya Maliyyə naziri Samir Şərifovdan gəlib. O, 23 noyabrdakı açıqlamasında demişdi ki, ölkəmizdə elan olunmuş hərbi vəziyyətlə əlaqədar 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin hələlik Milli Məclisin müzakirəsinə təqdim edilməməsi “anlaşılandır”.

Bildirək ki, sentyabrın 3-də Maliyyə Nazirliyi 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama yaymışdı. Həmin açıqlamada önəmli proqnozlardan biri İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 3 ssenari idi.  Həmin ssenaridə neftin qiyməti 35, 40, 45$/bbl (burada Brent götürülür) səviyyəsində proqnozlara əsasən 2020-ci ilin sonunda ÜDM-in azalması gözlənilir. Həmin proqnozlara əsasən baza (40 $) ssenaridə 2020-ci ildə ümumi daxili məhsul real ifadədə 3.7 faiz az olmaqla 70.9 mlrd. manat, o cümlədən qeyri-neft ÜDM isə 2.9 faiz az olmaqla 50.4 mlrd. manat həcmində proqnozlaşdırılır.

Lakin, 2021-ci il üzrə hər üç ssenaridə Azərbaycan iqtisadiyyatının böyüyəcəyi proqnozlaşdırılır. Qeyd edilir ki, əgər neft 35$/bbl olduğu halda ölkə iqtisadiyyatı 3.0%, 40$/bbl olarsa 3.4% və 45$/bbl olarsa 3.8% böyüyücəyi proqnoz edilir. Gələn il üçün istehlak qiymətlərinin indeksində isə 3% artım müşahidə ediləcəyi qeyd edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov yerli xəbər agenliklərindən birinə bildirmişdi ki, 2021-ci ilin büdcə layihəsinin Milli Məclisə təqdim edilməsinin gecikməsinin səbəbi ərazilərin işğaldan azad edilməsi ilə bağlıdır.

V.Əhmədov demişdi ki, Artıq Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi bu sahələrdə işləyir, müəyyən qiymətləndirmələr aparırlar.

“Dövlət büdcəsində də əsas 4 sahəyə biz nəzər yetirəcəyik. Bunlardan birincisi, şəhid ailələri və qazilərin yaşayış səviyyəsinin yüksəldilməsi, onların evlə təmin olunması və müavinət məsələlərində problemlərinin olmaması ilə bağlı olacaq. İkincisi, büdcədə işğaldan azad edilmiş ərazilərin ilk olaraq minalardan təmizlənməsi ilə bağlı məsələ əksini tapacaq. Üçüncüsü, həmin ərazilərdə infrastruktur layihələrinin həyata keçirilməsi, icra orqanlarının bərpa edilməsi ilə bağlı məsələ də büdcədə nəzərə alınacaq. Eyni zamanda, həmin ərazilərdə kənd təsərrüfatı və digər sahələrin inkişafı məsələsini biz nəzərə almalıyıq”- deyə V.Əhmədov 26 noybardakı açıqlamasında demişdi.

 

Son xəbərlər
Digər xəbərlər