İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) bu quruma üzv olan ölkələrdə koronavirus pandemiyasından əvvəl də vergi daxilolmalarının aşağı düşdüyünü xatırladaraq, bu il vergi daxilolmalarında daha böyük azalmanın olacağı barədə xəbərdarlıq edib.
OECD-nin 2020-ci ildə nəşr etdiyi növbəti “Gəlirlərə dair statistika” hesabatında təşkilata üzv ölkələrin vergi gəlirlərinin son 10 ildə ilk dəfə 2019-cu ildə azaldığı vurğulanıb. OECD ölkələrinin orta vergi gəlirlərinin ümumi daxili məhsula (ÜDM) nisbətdə 2018-ci ildə 33,9 faiz olduğu, 2019-cu ildə isə bu göstəricinin 0,1 faiz azalma ilə 33,8 faizə düşdüyü bildirilib.
Ötən il vergi daxilolmalarının ÜDM-də nisbətinin ən yüksək olduğu ölkə Danimarka (46,3 faiz), ən aşağı olduğu ölkə isə Meksika (16,5 faiz) olub. Bu nisbət Almaniyada 38,8 faiz, Fransada 45,4 faiz, Türkiyədə isə 23,1 faiz təşkil edib.