“Tsundoku” (yaponca 積ん読) – kitab almaq, saxlamaq, amma oxumamaq vərdişini izah edən yapon sözüdür. Əvvəllər buna görə özümü günahkar hiss edirdim və yalnız köhnə kitabları oxuduqdan sonra yeni kitablar almağa çalışırdım. Lakin anti-kitabxana konsepsiyası oxunmamış kitablara münasibətimi tamamilə dəyişdirdi. Məlum oldu ki, oxunmamış kitablar düzgün baxış bucağı altında oxunmuş kitablar qədər faydalı ola bilər.
Qeyri-müəyyənliyin sonsuzluğu
Anti-kitabxana nədir? Bu, oxunmamış kitablar kolleksiyasıdır. Anti-kitabxana konsepsiyası ilk dəfə Nassim Taleb tərəfindən “Qara qu quşu” kitabında qeyd edilmişdi, orada o, yazıçı Umberto Ekonun kitablara qarşı bənzərsiz münasibətini təsvir etmişdi:
“Yazıçı Umberto Eko – savadlı, dərrakəli və eyni zamanda darıxdırıcı olmayan azsaylı alimlərdən biridir. Onun nəhəng kitabxanası var (təxminən 30 min kitab) və yazıçının sözlərinə görə, bu kitabxananı görən qonaqları iki kateqoriyaya bölmək olar: təəccüblə “Heyran oldum! Senyor Eko, nə qədər çox kitablarınız var! Onlardan neçəsini oxumusunuz?” soruşanlar və şəxsi kitabxananın iş alətlərindən biri olduğunu başa düşənlər. Mənim fikrimcə, oxunmuş kitablar oxunmamış kitablardan daha az əhəmiyyətlidirlər. Kitabxana maliyyə, ipoteka kreditləri və mövcud əmlak bazarındakı vəziyyət də daxil olmaqla, bir çox mövzuları əhatə etməlidir. İllər keçdikcə bilikləriniz və kitabxananız böyüyəcək və oxunmayan kitab rəfləri gözünüzdə dəf edə bilmədiyiniz təhlükə kimi görünməyə başlayacaq. Əslində üfüqləriniz nə qədər genişdirsə, oxunmamış kitabların rəfləri də bir o qədər çox olacaq. Gəlin, bunu anti-kitabxana adlandıraq”.
Görünür, Umberto Eko üçün özəl kitabxana araşdırma aparmaq vasitəsi olub. Unutmayın ki, anti-kitabxananın məqsədi oxuduğunuz kitabları toplamaq və qürurla rəfə qoymaq deyil. Əsas hədəf sizi maraqlandıran mövzuları əhatə edən şəxsi resurs kolleksiyasını yaratmaqdır. Bu, biliklərinizin deyil, öyrənmək istədiklərinizin nümayişidir.
Qeyri-müəyyənliyin sonsuzluğu dəhşətə gətirə bilər, bu səbəbdən bir çox insan oxunmamış kitabları toplamağı sevmir. Şotlandiyalı alim Ceyms Klerk Maksvell bir dəfə demişdi: “Dərk edilmiş qeyri-müəyyənlik – real irəliləyişin müqəddiməsidir”. Beləliklə, anti-kitabxana bizə bilmədiklərimizin xatırlamağa kömək edir.
Əgər qeyri-müəyyənlik haqqında təsəvvürümüzü inkişaf etdirsək, anti-kitabxana Danninq-Krüqer effektinə qarşı dərman rolunu oynaya bilər. İstər şəxsi kitabxana, istərsə də ictimai kitabxana – oxumalı olduğumuz hələ çox kitab var.
“Biz biliklərimizi diqqətlə qorunmalı olduğumuz şəxsi mülkiyyət kimi qəbul etməyə meylliyik. Bu, başqalarından seçilməyə imkan verən bir oyuncaqdır. Buna görə bildiyimiz şeylər üzərinə vurğu etmək – zehni fəaliyyətimizə təsir göstərən ümumbəşəri zəiflikdir. İnsanlar bildikləri şeylərə çox ciddi yanaşırlar”, – deyə Taleb “Qara qu quşu”nda yazır.
Anti-kitabxana necə təşkil edilməlidir
Anti-kitabxana – dərin kök salmış inanclara zidd paradoksal fikirlərdən biridir. Buna görə haradan başlamaq lazım olduğunu başa düşmək çətin ola bilər. Anti-kitabxanada neçə dənə kitab olmalıdır? Oxunan kitablarla oxunmayan kitabların nisbəti nə qədər olsa, daha yaxşı olar? Bu, həyəcan təbili üçün səbəb olacaqmı? Çox vaxt bu sualların qəti cavabı olmasa da, sizin üçün faydalı ola biləcək bəzi strategiyaları təqdim edirik:
1. Sualınızla əlaqəli olan məlumatları qeyd edin. Müəllif başqa bir kitabdan bəhs etdikdə, istinadları yoxlayın və bir yerə yazın. Oxuyub qurtardıqdan sonra bütün mənbələrin siyahısı artıq əlinizdə olacaq. Əlbəttə ki, siyahıdakı bu mənbələrdən bəziləri sizin üçün maraqsız ola bilər. Lakin buna baxmayaraq, onlar arasında anti-kitabxananıza əlavə etmək üçün faydalı kitablar tapa bilərsiniz.
2. Digər oxuculardan tövsiyələr istəyin. Əgər oxuduğunuz kitabdan xoşunuz gəlirsə və bu mövzuda daha çox məlumat əldə etmək istəyirsinizsə, ətrafınızdakı insanlardan tövsiyələr alın. İşdir, əgər olduğunuz çevrədə oxucu azdırsa, oxşar əsərlər tapmaq üçün Goodreads və ya Amazon-dan istifadə edin.
3. Oxunmamış kitabların sayının azalacağını gözləməyin. Mükəmməl proporsiya mövcud olmasa da, nə qədər çox oxusanız, üfüqləriniz bir o qədər geniş olacaq. Bəlli olmayan bir şeyi tədricən bəlli olan bir şeyə çevirdiyiniz pis deyil.
4. Biliklərə münasibətiniz üzərində işləyin. İlk başlarda anti-kitabxana yaratmaq ideyası sizin üçün qəribə və hətta mənasız bir ideya kimi görünə bilər. Əgər kitab çoxdursa, onların hamısını necə oxuya biləcəyəm? Bu, pul itkisi deyilmi? Unutmayın ki, bilik – sahiblik deyil, prosesdir. Bundan əlavə, anti-kitabxanalar – maddi imkanlarınız daxilinə sığmalı olan sərmayədir. Rəfinizdə yalnız 3 və ya 5 oxunmamış kitab olsa da, bu, intellektual üfüqinizi genişləndirmək üçün böyük bir addımdır.
Anti-kitabxana biliklərin sonlu və qeyri-kamil olduqlarını xatırladır. Bu ideya mənfi deyil. O, içimizdə maraq oyada və fikirlərimizdən şübhə etməyə vadar edir. Müasir zamanda nüansları anlamaq daha vacibdir, buna görə anti-kitabxana sizin üçün çox faydalı ola bilər.