Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov ilə Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracında son vaxtlarda ortaya çıxan bəzi çətinliklərin aradan qaldırılması yollarını müzakirə ediblər.
Nazirlikdən “Banker.az”a verilən məlumata görə, görüşdə həmçinin Azərbaycan İnvestisiya Holdinqi ilə əməkdaşlıq perspektivləri, azad edilən ərazilərdə həyata keçiriləcək layihələrdə Rusiya şirkətlərinin iştirakına dair müzakirələr, növbəti Azərbaycan-Rusiya Regionlararası Forumunun təşkili barədə fikir mübadiləsi aparılıb.
Səfir M. Boçarnikov ölkələr arasında siyasi münasibətlərin yüksək səviyyəsini vurğulayıb, iqtisadi tərəfdaşlığın genişləndirilmısi istiqamətləri barədə fikirlərini bölüşüb.
Öz növbəsində, nazir M. Cabbarov Rusiyanın ölkənin əsas ticarət tərəfdaşlarından və qeyri-neft ixracında ilk yerdə olduğunu, kənd təsərrüfatı, sənaye, nəqliyyat-tranzit, investisiya, turizm və s. sahələrdə uğurlu əməkdaşlığı, əlaqələrin inkişafı üçün böyük potensialı qeyd edib.