1950-ci ildə Melvin Dreşer və Meril Flud dustaq dilemmasını kəşf edir. Onun mahiyyəti belədir: iki şübhəli şəxs bankın girişində saxlanılaraq, həbs edilir. Onlar bankı qarət etməyə cəhddə şübhəli bilinir. Dustaqları birnəfərlik kameralara salırlar. Onları bankı qarət etməyə cəhd etdiklərini etiraf etməyə təhrik etmək üçün polislər onlara növbəti təklifi irəli sürür: əgər hər iki məhbus susmağa davam edərsə, onların hərəsi iki illik həbs cəzasına məhkum olunacaq.
Əgər biri digərini ələ verərsə, digər isə sakitliyi qoruyarsa, onda satqın şəxs (polislə əməkdaşlıq edən) azad buraxılacaq, susmaqda davam edən isə5 il həbs cəzası alacaq. Əgər hər iki şübhəli bir-birini ittiham edərsə, onda onlar dörd il müddətinə azadlıqdan məhrum ediləcək. Həmçinin məhbuslara deyilir ki, eyni təklif onların cinayət ortağına da edilib.
Bəs nə baş verir? Hər iki həbs olunan belə düşünür: «Mən əminəm digəri gec-tez həqiqəti ağzından qaçıracaq. O, məni günahlandıracaq, mənə beş il həbs verəcək, onu isə azadlığa buraxacaqlar. Bu isə həddindən artıq ədalətsizlikdir». Daha sonra isə onların başına belə bir fikir gəlir: «Əgər mən onu satsam məni buraxacaqlar, əgər cəzadan birimiz qurtara biləriksə, niyə ikimiz də əziyyət çəkməliyik». Qısa şəkildə desək, belə situasiyalarda əksər təcrübəyə çəkilənlər bir-birini satırlar. Hər iki cinayət ortağının eyni qaydada düşünməsi səbəbindən, onların hərəsi dörd il həbs cəzası alır, halbuki bu müddət iki il ola bilərdi.
Məsələnin daha bir qəribə tərəfi ondadır ki, eyni hal hətta cinayətkarlara bir-biri ilə ünsiyyət qurmaq imkanı verilən zaman da təkrarlanır. Çox qəribə məntiqdir. Baxmayaraq ki, onlar birlikdə hazırlaşır və öz cavab variantlarını müzakirə edir və hərəkət strategiya tərtib edirlər, yekunda yenə də öz yoldaşlarını satmaq qərarına gəlirlər və nəticə dəyişmir. Məsələ ondadır ki, insanlar heç zaman bir-birinə tam etibar etməyi bacarmır.