Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 1 403,5 mln. kVt/saat elektrik enerjisi, 137 min Q.kal istilik enerjisi, 84,1 mln. kubmetr təbii qaz, 17,9 mln. kubmetr su, 8 mln. manatlıq rabitə xidmətləri istehlak edilib.
APA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə istilik enerjisinin istehlakı 30,4%, rabitə xidmətlərinin istehlakı 19,4%, təbii qazın istehlakı 10,4%, elektrik enerjisinin istehlakı 4,0% artıb, suyun istehlakı isə 0,6% azalıb.
İstifadə edilmiş elektrik və istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin ümumi dəyəri 4,6% artaraq 120,1 mln. manat təşkil edib.
İstehlakın ümumi dəyərinin 70%-ni elektrik enerjisi, 13,3%-ni su, 7%-ni təbii qaz, 6,7%-ni rabitə xidmətləri, 3%-ni isə istilik enerjisi təşkil edib.
Bu ilin yanvar-sentyabr aylarında büdcə təşkilatları istifadə olunmuş ehtiyatların ümumi dəyərinin 92,6%-ni və ya 2013-cü ilin müvafiq dövründə 91,6%-ni ödəyib, 8,9 mln. manatlıq kəsir yaranıb.
İstehlak edilmiş elektrik enerjisinin 6,1 mln. manatı, suyun 1,5 mln. manatı, təbii qazın 649,9 min manatı, istilik enerjisinin 357,4 min manatı, rabitə xidmətlərinin 303,9 min manatı ödənilməyib.