1 C
Baku
Saturday, December 14, 2024

İpoteka kreditlərinin mənzil bazarına təsiri haqqında ekspert rəyi

“İpoteka krediti üçün ayrılan vəsaitlərin ən azı 40%-i regionlara verilməlidir”.

İqtisadçı-ekspert Vüqar Bayramovun müsahibəsi

– Bu gün ipoteka kreditləri sahəsində vəziyyət nə yerdədir?

– Hal-hazırda Azərbaycanda ipoteka proqramları təklif olunur. Təkliflər arasında isə sosial ipoteka kreditləri vətəndaşları daha çox maraqlandırır və diqqətini çəkir. 2014-cü ildə dövlət büdcəsindən 40 milyon manat vəsait sosial ipoteka kreditlərinin verilməsi üçün ayrılmışdı. 2015-ci ildə bu rəqəm 50 milyon manata çatdırılacaq. Sosial ipoteka kreditlərinin faiz dərəcəsi 4%-dir, maksimum məbləğ 50 min manatdır. Daha çox istifadə olunan adi ipoteka kreditləridir və bu növ ipoteka kreditləri İpoteka Fondunun yerləşdirdiyi ipoteka tələbləri əsasında verilir.

Adi ipoteka kreditləri üzrə faiz maksimum 8%, ən yüksək məbləğ isə 50 min manatdır. Adi ipoteka kreditləri üçün il ərzində təxminən 80 milyon manat vəsait ayrılır. Kommersiya ipoteka kreditləri, kommersiya bankları vəsaitləri hesabına yerləşdirilən kreditlərdir. Təbii ki, bu kreditlərin məbləği adi və sosial kreditlərin məbləğindən həddindən artıq yüksəkdir. Belə ki, kommersiya ipoteka kreditlərinin faiz dərəcələri 12-14% intervalında dəyişir. Adi ipoteka krediti 8%-lə, 50 000 manat kredit götürən vətəndaş 25 ilə təxminən 125 min manat geri qaytarır. Sosial ipoteka kreditlərinin faizi əlverişli olsa belə, sosial ipoteka kreditlərinin də faiz dərəcəsinə baxılmasına ehtiyac var.

– İpoteka kreditlərinin həcmini artırmaq üçün hansı islahatların aparılmasına ehtiyac var? (Son statistik rəqəmlərə baxdıqda 15 mindən çox şəxs ipoteka kreditlərinə müraciət edib, bu da kifayət qədər azdır).

– Azərbaycan hökumətinin imkanları kifayət qədər böyükdür. Dövlət büdcəsinin gəlirləri 19 milyard manatdan çoxdur. Bu, imkan verir ki, sosial ipoteka kreditlərinin həcmini artırmaq mümkün olsun. Adi ipoteka kreditləri üçün vəsaitin artırılması üçün daha çox islahatların aparılmasına ehtiyac var. Adi ipoteka kreditləri indiki halda yalnız ipoteka istiqrazlarının yerləşdirilməsi hesabına əldə edilən vəsait hesabına ödənilir, bu, təbii ki, davamlı gəlir mənbəyi deyil. 2003-cü ildə dövlət başçısının tətbiq etdiyi İpoteka krediti haqqında qanuna əsasən dövlət İpoteka Fonduna sosial investisiyaların cəlb edilməsi hesabına adi ipoteka kreditlərinə ayrılan vəsaitlərin artırılması məsələsinə şərt kimi irəli sürülmüşdü. Təəssüf ki, bu məsələ şərt olaraq qalmışdı. Bu gün investisiya şirkətlərinin, sığorta şirkətlərinin ipoteka kreditləşməsinə cəlb edilməsinə ehtiyac var. Daxili və kommersiya ipoteka kreditlərinin həcmini artırmaq üçün beynəlxalq təşkilatlar cəlb etmək lazımdır. Bu, birmənalı şəkildə imkan verəcək ki, daha aşağı faizlə, daha böyük həcmdə ipoteka krediti vermək mümkün olsun.

– İpoteka sahəsində hazırlanmalı olan qaydalar nələri vəd edir?

– İpoteka kreditlərinin verilməsinin qaydalarının dəyişdirilməsinə, təkmilləşdirilməsinə və baxılmasına ehtiyac var. Biz təklif edirik ki, ipoteka kreditləri verilən zaman ilkin ödənişə baxılsın. Azərbaycanda ilkin ödəniş məbləği yüksəkdir və ilkin ödənişin edilməsində çətinlik yaradır. 50 min götürən şəxs mövcud qaydalara əsasən 10 min manat ilkin ödəniş etməlidir. 10 min manat birdəfəlik ödənişin edilməsi gənc ailələr üçün problem yaradır.

İlkin ödənişin qanunda nəzərdə tutulan ipoteka fondunun yanında yaradılmalı olduğu ipoteka zəmanət fondu hesabına maliyyələşdirilməsi və ya tikinti ipoteka banklarının formalaşdırılmaqla onların təklif etdiyi faizlərlə ilkin ödənişi ləğv etməklə gənc ailələrə əlçatanlılıq səviyyəsini artırmaq olar. Bankların təklif etdiyi ilkin ödənişin ləğv edilməsi məqsədəuyğundur. Başqa bir tərəfdən, sənədlərin sayına görə dünyada birincidir. İpoteka krediti almaq üçün 18 sənəd tələb olunur və bu, kifayət qədər çoxdur. Biz elektron ipoteka sisteminin tərtib olunmasının tərəfdarıyıq. Bu, birmənalı şəkildə sənədlərin sayını ən azı iki dəfə azaltmağa imkan verəcək.

İpoteka kreditlərinin verilməsində şəffaflığın artırılması olduqca vacibdir. Elektron ipoteka sisteminin yaradılması ipoteka krediti götürən vətəndaşlar arasında diskriminasiyanın aradan qadırılmasına imkan verəcək. Bu müraciətləri növbələyəcək və sıralayacaq və bununla da ipoteka kreditlərinə müraciət edənlərə baxmaq mümkün olacaq. Bu, qeyri-rəsmi ödənişlərin aradan qaldırılmasına şərait yaradacaq. İnsanların ödəmə qabiliyyətinin nəzərə alınmasına, orta aylıq əmək haqqına uyğunlaşdırılmasına ehtiyac var. Sosial Mənzil Fondunun formalaşdırılması olduqca vacibdir.

Artıq dövlət bazara təklif etdi. Bu, imkan vərəcək ki, gənc ailələr ayda 80 manat verməklə, iki otaqlı mənzillər ala bilsinlər. O baxımdan sosial mənzil fondunun yaradılması istər sosial, istərsə də adi ipoteka kreditlərinin şərtləri baxımından olduqca əhəmiyyətlidir, o baxımdan mənzillərin qiymətinə təsir baxımından əlverişli hesab olunur.

– Region əhalisinin ipotekaya əlçatanlılıq səviyyəsi nə yerdədir?

– Bu gün ən böyük problemlərdən biri regionda yaşayan vətəndaşların ipotekaya əlçatanlılıq səviyyəsinin aşağı olması ilə bağlıdır. İl ərzində ipoteka krediti üçün ayrılan vəsaitlərin ən azı 40%-nin regionlara verilməsi və əmək haqqı məbləğlərinə baxılması, təklif olunan əmək haqqı məbləğinin aşağı salınması vacibdir. Bununla ipoteka kreditləri üçün ayrılan vəsaitlərin məhz həmin limit daxilində regionlara getməsinə nail olmaq mümkün olacaq. Təbii ki, limitlərin müəyyənləşdirilməsi və limitlər çərçivəsində regionlara vəsait ayırmaq olar.

– Artıq ipoteka krediti götürmüş şəxslərin sonda yaranan problemləri nələrdən ibarət olur?

– İpoteka kreditləri ilə bağlı vəziyyətin monitorinqi göstərir ki, faizlərin yüksək, müddətin uzun olmasına baxmayaraq bu gün ipoteka kreditlərinin qaytarılması ilə bağlı ciddi bir problem yoxdur. Onu da əlavə edim ki, götürülən kreditlərin qaytarılmasında yaranan problemlər daha çox ödəmə qabiliyyəti ilə bağlı olur.

Oxu.az

Son xəbərlər
Digər xəbərlər