9 C
Baku
Thursday, December 12, 2024

Ağıllı Hans – istedad, şarlatan və yaxud psixoloq?

XX əsrin əvvəlində Almaniyada Hans ləqəbli bir at yaşayırdı. Bu canlı yüksək intellekti sayəsində çox populyar idi və o riyazi-həndəsi məsələləri həll etməyi bacarırdı. Onun sahibi gimnaziyalardan birində riyaziyyat müəllimi işləyən Vilhelm fon Ostin idi. Hans tək öz sahibinin deyil, digər insanların verdiyi sualları da cavablandırırdı. O yalnızca 12+12 tipli suallara deyil, “Ayın 8-ci günü çərşənbə axşamına düşürsə, növbəti şənbə günü ayın neçəsi olacaq?” kimi sualları da ayağını yerə döyərək cavablandıra bilirdi.

Təəccüblüdür ki, sualları tək şifahi formada deyil, yazılı formada da vermək olurdu. Hans sualları “oxuyur” və ayaqlarını yerə döyərək cavab verirdi. Qeyd etmək lazımdır ki, Hans bütün suallara dəqiqliklə cavab verə bilməsə də, doğru cavab faizləri çox yüksək idi.

Tezliklə Vilhelm fon Ostin öz atı ilə küçə “tamaşaları” göstərməyə başlayır və bir müddətdən sonra artıq bütün Almaniya boyu çıxış etməyə davam edir. O atı izləmək və sual vermək istəyən insanlardan bunun qarşılığında pul tələb etmirdi. Tezliklə Hans barədə Amerikanın New York Times qəzetində məqalə dərc edilir və at bütün dünya üzrə məşhurluq qazanaraq alimlərin diqqətini özünə cəlb edir. 1904-cü ildə Almaniya imperiyasının təhsil şurası “Hans komissiyası” adını almış xüsusi komissiya yaradaraq at barədə gəzən şayiələri araşdırmaq qərarına gəlir. Onlar Hansla bir neçə test keçirsələr də heç bir fırıldaqçılıq amili aşkar etmirlər.

Bir müddətdən sonra məşhur psixoloq Oskar Pfungst Hansla işləməyə başlayır. Onun apardığı araşdırmaların nəticəsi böyük maraq doğurur. Belə ki, Hans – sual verən şəxsi gördükdə və həmin şəxsin öz sualının cavabını bildiyi təqdirdə suallara doğru cavab verirdi. Hans sual verən şəxsin üz cizgilərini diqqətlə izləyərək ayağını yerə döyərək cavab verməyə başlayır və artıq bu yerə döymələr doğru cavaba yaxınlaşdıqda sual verən şəxsin simasında müəyyən həyəcan və narahatlıq əlamətləri sezilirdi. İnsanların bu davranışları isə artıq Hansa dayanmalı olduğunu bir növ işarə edirdi.

Ola bilsin ki, atlarda “sosial kommunikasiya” insanlarda olduğundan daha qabarıqdır və onlar istənilən, kiçicik emosional dəyişikliyi belə hiss edirlər. Digər sözlərlə, Hans həqiqətən fenomenal bir canlı idi və insanların ondan nə istədiyini yaxşı bilirdi.

Son xəbərlər
Digər xəbərlər