10 C
Baku
Friday, December 13, 2024

Mərkəzi Bank 2021-ci ilin riskləri “epidemioloji vəziyyətlə” əlaqələndirir

2021-ci ilin pul və maliyyə sabitliyi siyasəti dünyada iqtisadi aktivliyin, qlobal əmtəə və maliyyə bazarlarındakı vəziyyətin perspektivləri ilə bağlı qeyri-müəyyənliklərin yüksək olduğu bir şəraitdə formalaşdırılır. Növbəti ildə də pandemiya ayrı-ayrı ölkələrin iqtisadi dayanıqlıq potensialını sınağa çəkəcəkdir. Risklər başlıca olaraq epidemioloji vəziyyətlə əlaqədar olmaqla xarici və daxili mühitə təsir potensialını saxlayır.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının pul siyasəti bəyanatında deyilir.

Digər tərəfdən Azərbaycan iqtisadiyyatının uzunmüddətli dövrdə aşağı neft gəlirlərinə uyğunlaşması, Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə böyük bərpa və qayıdış işlərinin reallaşdırılması, habelə ölkədə növbəti 10 ildə ikiqat artıma yönələn yeni inkişaf strategiyasının sürətlə realizasiyası ilə bağlı böyük çağırışlar formalaşmışdır.

Belə bir şəraitdə 2021-ci ildə makroiqtisadi və maliyyə sektorunun stabilliyinin qorunması makroiqtisadi və makroprudensial siyasətlərin əsasını təşkil edəcəkdir.

Mərkəzi Bank makroiqtisadi və maliyyə sabitliyi vasitəsilə pandemiyadan təsirlənən iqtisadi artımın dayanıqlı əsaslarla bərpa edilməsinə dəstək verəcəkdir. Pul siyasəti növbəti ildə də qiymət sabitliyinə fokuslaşmaqla dayanıqlı iqtisadi artım üçün vacib şərtlərin təmin edilməsində mühüm rol oynayacaqdır. Maliyyə sektorunun dayanıqlığının gücləndirilməsi, maliyyə vasitəçiliyinin və maliyyə bazarlarının inkişafı istiqamətində səylər davam etdiriləcəkdir.

Son xəbərlər
Digər xəbərlər