Çində yeni növ yoluxma dalğası səbəbindən yenidən karantin rejimlərinin tətbiq edilməsi dünyanın ikinci ən böyük neft istehlakçısında yanacağa tələbin azalacağı ehtimallarını artırıb.
Banker.az bildirir ki, bu da öz növbəsində treyderlərin neftin qiyməti ilə bağlı bir qədər pessimist düşünməyə vadar edib.
Bakı vaxtı ilə 09:16-da fyuçerslərdə Brent neftinin bir barrelinin qiyməti 65 sent, yəni, 1.16% ucuzlaşmaqla 55.34 dollar, WTI markalı neft isə 46 sent (0.88%) ucuzlaşmaqla 51.78 dollara qədər düşüb.
Buna qədər Brent nefti 56.39 dollara qədər bahalaşmaqla ötən ilin fevralın 25-dəki qiymətə qədər qayıtmışdı. Bu da bir qədər Səudiyyə Ərəbistanın könüllü olaraq neft hasilatının azaldılması ilə bağlı qərarı və onun əsas söz sahibi olduğu OPEC+ ölkələrinin hasilatla bağlı qərarı idi. Alyans ölkələri yanvar-fevral ayları ərzində neftin hasilatının əvvəlki səviyyədə dəyişilməz qalması və növbəti aydan hasilatın artırılması qərarını vermişdilər.
Yeni razılaşmaya əsasən, “OPEC plus” ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları fevralda 7 mln.125 min barrel, martda isə 7 mln. 50 min barrel təşkil edəcək.
Azərbaycanın isə bu ilin yanvar ayındakı 123 min barrel həcmində öhdəliyi fevral-mart aylarında sabit şəkildə qalacaq.
Lakin, analitiklər neftin qiymətinin bu qədər optimizmin “yüksəkdə” qalmasını koronavirus vaksini ilə əlaqələndirilir.
ÇİNDƏ NƏ BAŞ VERİR?
Çinin Hebey vilayətinin paytaxtının rəsmiləri yanvarın 7-dən koronavirusun yayılmasını önləmək üçün səyahətlə bağlı qadağalar tətbiq ediblər. Son beş ayda ilk dəfə olaraq ölkədə COVID-19-a yoluxmalarda rekord qeydə alınıb.
Pekini əhatələyən Hebeydə 51 yoluxma təsdiqlənib ki, bu da bir gün öncəkindən 20 yoluxma çoxdur.
Hebeyin paytaxtı Şijiajuanqda kütləvi testlər aparılır, əsas dəmiryolu stansiyasından sərnişinlərin çıxması qadağan olunub.
Yanvarın 7-dən Yaponiya hökuməti Tokio ətrafında bir aylıq fövqəladə vəziyyət elan edib. Restoran və barların işi məhdudlaşdırılır, axşam 7-dək spirtli içki satışını dayandırmalı, bir saat sonra isə bağlanmalıdırlar.
Əslində, Yaponiyada pandemiyanın miqyası böyük deyil, 2020-ci ilin yanvarında ilk yoluxma aşkarlanandan bəri 3 min 700-dən çox xəstə vəfat edib. Ancaq ölkə yayda Olimpiya oyunlarına ev sahibliyi etməyə hazırlaşır deyə virusun yayılmasını diqqətlə izləyir.
Avstraliyada fevraldan vaksinlərin vurulmasına başlanır. Baş nazir Skot Morison yanvarın 7-də deyib ki, Pfizer və BioNTech şirkətlərinin hazırladığı vaksin ölkənin uyğun dövlət orqanı tərəfindən tezliklə təsdiqlənməlidir.
İndiyədək bu ölkədə COVID-19-a 28 min 500-dən çox yoluxma, cəmi 909 ölüm aşkarlanıb.