7 C
Baku
Thursday, December 12, 2024

Dünyanı vaksinləşdirmək bu il mümkün olmayacaq – PROQNOZ

Dünya Səhiyyə Təşkilatı (DST) xəbərdarlıq edib ki, COVID-19-a qarşı kütləvi immunitetin bu il yaranacağı real deyil. Bu arada vaksinasiya proqramlarını gücləndirən ölkələrin sayı artmaqdadır.

“Vaksinlər ən zəifləri qorumağa başlasa belə, 2021-ci ildə kütləvi, yaxud sürü immunitetinin hansısa səviyyəsinə çatacağımız real görünmür. Hətta bu, bir qisim ölkədə yaransa belə, bütün dünyada əhalini qoruya bilməyəcək”, – DST-nin baş alimi Sumya Svaminatan söyləyib.

BioNTech bu il 2 milyard doza istehsal edəcək

Aylardır davam edən məhdudiyyətlərə baxmayaraq, virus Avropadan tutmuş Asiya qədər davamlı çıxıb, kökü kəsilənə oxşamır.
Qışda yoluxmalar artıb, eyni zamanda ölkələr kütləvi vaksinasiyaya başlayıb.

Kütləvi immunitetin yaranmasından ötrü əhalinin 70-80 faizinə peyvənd vurulmalıdır. Bundan sonra əhalinin bütünlükdə xəstəliyə qarşı qorunduğunu düşünmək olar.

Avropa və ABŞ-da Moderna və Pfizer-BioNTech vaksinləri ilə başlanmış peyvəndləmə nisbətən səngiyib, səbəb də vaksin təchizatı və istehsaldakı məhdudiyyətlərdir.

BioNTech-in yanvarın 11-də bildirdiyinə görə, yeni istehsalat obyektlərinin bu il 2 milyard dozanın hazırlanmasına kömək edəcəyi gözlənir. Daha öncə 1.3 milyard doza hazırlanacğı deyilirdi. Bu isə dünya üzrə cəmi 1 milyard insana ikidozalı peyvəndin vurulması deməkdir. Yer üzündə 7.6 milyard nəfər yaşayır.

450 milyona yaxın əhalisi olan Avropa Birliyi altı vaksin istehsalçısından 2.3 milyard dozaya yaxın vaksin sifariş edib. Hələlik, yalnız Moderna və Pfizer-BioNTech vaksinləri istifadəyə təsdiqlənib.

Cəmi 9 milyon amerikalıya peyvənd vurulub

Moderna bloka 160 milyon doza çatdırmaqla bağlı kontrakt imzalasa da, hələ ki həmin çatdırılma olmayıb. Moderna bu il azı 600 milyon doza vaksin buraxmağı planlaşdırır.

Avropa Komissiyasının başçısı Ursula von der Leyen ötən həftə deyirdi ki, BioNTech/Pfizer ilə mövcud saziş genişləndirilib, sifariş olunan vaksin dozası 600 milyona qaldırılıb.

Yanvarın 11-dək 9 milyonadək amerikalıya vaksinin birinci dozasının vurulduğu bildirilib. Bu, hökumət tərəfindən ştatlara paylanmış ümumi dozaların üçdə birindən də azı deməkdir. ABŞ-da 330 milyon nəfər yaşayır.

Yeni prezident seçilmiş Co Baydenə ikinci doza yanvarın 11-də vurulub. O, prezidentliyinin ilk 100 günündə 100 milyon nəfərə peyvənd vurulmasını qarşısına məqsəd qoyub.

ABŞ Pfizer/BioNTech və Moderna şirkətlərindən 400 milyon doza sifariş edib ki, bu da 200 milyon nəfərə bəs edəcək. Ancaq dozaların hamısının çatdırılması aylar çəkəcək.

Ştatlar vaksinasiyanı sürətləndirməyə çalışırlar. Bu həftə bir sıra yerli hökumətlər stadionlarda, parklama yerlərində kütləvi peyvəndləmə mərkəzləri açıblar.

Rusiya, Çin, Türkiyə

Rusiya özünün hazırladığı Sputnik-V vaksinindən istifadə edir və Serbiya, Argentina daxil olmaqla bir sıra ölkələri də təchiz edir.

Səhiyyə naziri Mixail Muraşko ötən həftə deyirdi ki, artıq 800 mindən çox sakinə peyvənd vurulub, Rusiyada 1.5 milyon doza paylanıb.

Çin də özünün hazırladığı peyvəndləri vurmağa başlayıb, bir sıra ölkələr də bu peyvəndlərdən istifadə etməyi planlaşdırır.

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan yanvarın 11-də bildirib ki, bu həftənin sonuna ölkədə peyvəndləmənin başlanacağına ümid edir. Rəsmi orqanlar Çinin SinoVac vaksininin təsdiqlənməsi prosesini tamamlamalıdırlar.

İsrail isə martadək əhalinin böyük hissəsinə peyvənd vurmağı hədəfləyir.

DST baş direktorunun müşaviri Dr. Brüs Eylvord deyib ki, qurum bu ayın sonuna, yaxud fevrala dünyanın ən yoxsul ölkələrindən bəzilərində vaksinasiyanın başlanacağına ümid edir. O, yoxsul ölkələrə peyvənd göndərilməsi üçün beynəlxalq köməyə səsləyən çağırışları bir daha dilə gətirib.

BMT-nin dəstəklədiyi COVAX adlı təşəbbüsün məqsədi inkişaf etməkdə olan ölkələri vaksinlə təmin etməkdir. Ancaq təşəbbüs vaksin, pul və logistik dəstək çatışmazlığı ilə üzləşir, çünki donor ölkələr öz vətəndaşlarını qorumağa çalışır, digər tərəfdən iqtisadi çətinliklərlə üzləşiblər.

Son xəbərlər
Digər xəbərlər