“AMB sadəcə, tənzimləyici rol oynamalıdır”.
Hər şeyi AMB-nin üzərinə yıxmaq və ondan gözləmək düzgün deyil. Bankları biznes kreditləri verməyə və ümumiyyətlə, qeyri-neft sektorunu kreditləşdirməyə cəlb etmək üçün çox iş görmək lazımdır. Bunun üçün dövlət tərəfindən həm maliyyə, həm də riskləri azaltmaq baxımından banklara açıq dəstək nümayiş etdirilməlidir.
Bu sözləri iqtisadçı-ekspert Pərviz Heydərov “Müştərilərin yüklənməsinin qarşısını almaq üçün Mərkəzi Banka əlavə səlahiyyətlər verilməlidirmi?” sualına cavab olaraq səsləndirib.
Onun sözlərinə görə, AMB-nin səlahiyyətləri kifayət qədər genişdir.
“Bu qurum kommersiya banklarının sadəcə, maliyyə resurslarının əlverişli olması üçün çalışsa kifayətdir. Bunun üçün isə onun əlində uçot dərəcəsi deyilən mühüm bir alət var. Əsas diqqət buna yönəlməlidir ki, uçot dərəcəsi kredit faizlərinə niyə təsir etmir? Və yaxud, depozitlər üzrə faiz dərəcələri cəmi 9 faiz təşkil etdiyi halda ölkədə niyə 30-35 faizə kredit təklifi mövcuddur?”
Sərbəst iqtisadiyyatda hər şeyi bazarın müəyyən etdiyini qeyd edən iqtisadçı-ekspert onu da əlavə etdi ki, AMB sadəcə, tənzimləyici rol oynamalıdır.
“Bütün bunlardan ötrü, Mərkəzi Banka görəsən, hansı növdə “güc” tətbiq etmək imkanı verilməlidir? Real vəziyyət isə onu göstərir ki, onun əlindəki bu funksiyalar işləmir…”.
Oxu.az