Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov 13-14 yanvar tarixlərində Pakistanın paytaxtı İslamabad şəhərinə səfər edəcək.
Bu barədə Pakistan XİN məlumat yayıb.
Pakistan XİN-dən bildirilib ki, bu səfər 2010-cu ildən bu yana Xarici İşlər Nazirliyi səviyyəsindən ölkəmizdən Pakistana ilk səfər olacaq.
Xarici işlər nazirləri nümayəndə heyətləri səviyyəsində danışıqlar aparacaq və ikitərəfli münasibətlərin bütün sahələrini nəzərdən keçirəcəklər. Yeni ilin əvvəlində baş tutacaq səfər müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinin yollarını və vasitələrini araşdırmaq imkanı verəcək.
Nazirlər yüksək səviyyəli siyasi münasibətlərin təsdiqlənməsi ilə yanaşı, neft-qaz, kənd təsərrüfatı, dəmir yolu və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edəcəklər.
“Azərbaycan Cənubi Qafqaz regionunun ən vacib ölkəsidir, Pakistanın əzəli dostu və tərəfdaşıdır. İki ölkəni ortaq tarixi, dini və mədəni əlaqələrə əsaslanan nümunəvi münasibətlər bağlayır.
Hər iki ölkə regional və beynəlxalq forumlarda qarşılıqlı maraq doğuran məsələlərdə yaxından əməkdaşlıq edir.
Azərbaycan İƏT-in Cəmmu və Kəşmir üzrə Təmas Qrupunun üzvü kimi Kəşmir xalqının ədalətli və qanuni işini qətiyyətlə dəstəkləyir”, – deyə Pakistan XİN-dən bildirilib.