İstehsal olunan bütün bitkoinlərin təxminən 20%-i şifrəsi unudulmuş elektron cüzdanlarda saxlanılır. Hesablamalara görə, ilişib-qalmış bitkoinlərin ümumi dəyəri təqribən 140 milyard dollar təşkil edir.
Banker.az “Forbes.ru”ya istinadən xəbər verir ki, bu barədə “The New York Times” yazır.
Son bir neçə ayda bitkoinin kəskin bahalaşması fonunda elektron cüzdanının şifrəsini bərpa etmək istəyənləri sayı durmadan artır. “Wallet Recovery Services” şirkətinin verdiyi məlumata görə, onlara hər gün orta hesabla 70 nəfər müraciət edir ki, bu da dekabr ayı ilə müqayisədə üç dəfə çoxdur.
Qəzetin qeyd etdiyi kimi, bitkoinlərin elektron cüzdanda ilişib qalması problemi kriptovalyuta texnologiyasının xüsusiyyətlərindən biridir – proqram mürəkkəb alqoritmdən istifadə edərək, bitkoinlərin saxlanılması üçün təkrarolunmaz adres və şifrə generasiya edir. Banklardan, onlayn-cüzdan xidmətlərindən və ödəniş sistemlərindən fərqli olaraq, bitkoin infrastrukturunda şifrənin bərpa edilməsi və ya sıfırlanması servisi mövcud deyil.
“Hətta təcrübəli investorlar belə qapalı açarları idarə edə bilmirlər”, – şirkətlərin kriptovalyutalarını qoruyub saxlamağa kömək edən “Anchorage” startapının qurucusu Dioqo Monika söyləyib. Monika şirkətini 2017-ci ildə, “hedge” fondlardan birinə bitkoin cüzdanının şifrəsini bərpa etməyə kömək etdikdən sonra təsis edib.
“NYT” elektron cüzdanının şifrəsini unutmuş bir neçə bitkoin sahiblərinin adını çəkdi. Belə ki, Almaniya əsilli olan, lakin San-Fransiskoda yaşayan proqramçı Stefan Tomas 7002 bitkoinin (təxminən 220 milyon dollar dəyərində) olduğu elektron cüzdanın şifrəsini itirib. O, bu bitkoinləri 2011-ci ildə “Bitkoin nədir?” animasiya videosunu çəkdiyinə görə mükafat olaraq almışdı. Tomasın sözlərinə görə, özün özünə bank olmaq ideyası özün özünə ayaqqabı tikmək ideyasına bənzəyir. “Biz ona görə banklara ehtiyac duyuruq ki, onların qarşılaşdıqları şeylərlə qarşılaşmaq istəmirik”, – deyə proqramçı qeyd edib.
Los-Anceles sakini sahibkar Bred Yasar evində minlərlə bitkoinin olduğu bir neçə stolüstü kompüter saxlamaq məcburiyyətindədir. O, elektron cüzdanının şifrəsini bir çox il əvvəl itirib və onların saxlandığı sərt diskləri saxlayır. “Mən bir neçə ildə yüzlərlə saat vaxt sərf etdim, lakin cüzdanımın şifrəsini hələ də bərpa edə bilməmişəm”.
Barbados əsilli sahibkar Gabriel Abed 2011-ci ildə iş yoldaşı onun kompüterini format etdikdən sonra təxminən 800 bitkoin itirib (25 milyon dollar). Abed qeyd edir ki, bitkoinin meydana gəlməsindən əvvəl Barbados adasında hətta PayPal hesabı belə açmaq mümkün deyildi. Bu səbəbdən bitkoin texnologiyasına çıxış onun üçün rəqəmsal maliyyə dünyasına giriş imkanını vermişdi.