21 C
Baku
Saturday, September 28, 2024

Aşurbəyovların zadəgan malikənəsi

Aşurbəyovlar ailəsinin malikənasi Bakının ən görkəmli binalarından biridir.

Binanın fasadında iki gümüş qübbə və tuğra var. Bu binanın tarixçəsi xoş bir hadisədən öz başlanğıcını götürür. Malikəna toy hədiyyəsi olub.

Aşurbəyovlar qədim nəsildir. Nəslin kökündə sərdar (hərbi nazir) Aşur xan Avşar dayanır. O, Avşar elindəndir. Nadir şah tərəfindən Aşur xan Avşara Abşeronda böyük torpaq sahələri verilmişdir. Aşur xanın mülkiyyəti onun çox saylı varislərinin mülkiyyətinə çevrilir. Azərbaycan Rusiyanın tərkibinə daxil edildikdən sonra xan titulları ləğv olunur və Aşur xanın nəticələri bəy adına layiq görülürlər.

Köhnə Bakının nüfuzlu ziyalıları arasında zadəgan Aşurbəyovlar ailəsi xüsusi yer tutur. Bu qədim nəslin təmsilçilərinə görkəmli neft istehsalçılarının, böyük təhsil müəssisələrin qəyyumlarının, maarifçilərin, himayədarların, nəşriyyat fəaliyyəti ilə məşğul olanların, həmçinin ən səxavətli xeyriyyəçilərin arasında rast gələ bilərik.

1872-ci il… Neft hərarəti bəylərin ailələrinin sakit, tarazlı həyat tərzlərinə bir qasırğa kimi daxil olur. Və bu ailələrin üzvləri neft istehsalçısı olurlar. Onların sırasına Aşur xan Əfşar nəslindən olan Teymur bəy Qara bəy oğlunu da aid etmək olar.

Onun Sabunçuda böyük torpaq sahələri var idi. Lakin günlərin bir günü onun torpağında buğdanın bitməsinin əvəzinə neft fontanı vurur. Dindar Teymur bəy çox mütərəqqi bir insan idi. O, hər iki oğluna – Əli bəyə və Bala bəyə əla təhsil verir. Daha sonralar onlar atalarının işini uğurla davam etdirəcəkdilər. Teymur bəy Aşurbəyov səxavətli himayədar kimi tanınırdı. Öz vəsiyyətnaməsində o, onu Kərbəlada dəfn etmələrini vəsiyyət etmişdi. Və onun yoldaşı Tutu xanım Aşurbəyova Teymur bəyin bu vəsiyyətini yerinə yetirmişdi. 40 zəvvarların müşayiəti ilə Tutu xanım həyat yoldaşının cəsədini müqəddəs Kərbəla şəhərinə aparır, orada torpağa tapşırır və qəbrinin üzərində türbə ucaldır. Həmçinin Teymur bəyin vəsiyyətinə uyğun olaraq, Tutu xanım onun məzarının üzərində ömrünün son günlərinə qədər dua oxuyan molla tutur.

osobnakss

Lakin bunlar daha sonralar baş verəcək. Hələlik isə Teymur bəy Tiflisə, tüccar dostu Sultanovun yanına yola düşür. Sultanovun qardaşı qızı İsmət xanımın gözəlliyinə heyran qalaraq Teymur bəy İsmət xanımı öz kiçik oğlu Bala bəy ilə evləndirmək istəyir. Lakin gəncləri tələsdirmirlər və heç nəyə məcbur etmirlər. Bala bəy Tiflisə oxumağa gedir. Burada o, gimnaziyanı, iqtisadi kursları bitirir və ən əsas, İsmət xanımla tanış olur və ona aşiq olur. İlk olaraq toyu Tiflisdə, daha sonra isə bir neçə gün ərzində Bakıda qeyd ediblər.

Bakıda yeni evliləri sürpriz gözləyirdi: Çamaşırxana küçəsində barokko üslubunda tikilmiş telkari işləmələrlə, təmtəraqlı bəzədilmiş otaqlarla, gözəl rəsm əsərləri ilə zəngin olan möhtəşəm bir ev. Binanın fasadında isə “T. A. A. “- Teymur bəy və Aslan bəy Aşurbəyovlar- adlı tuğra var idi.

Bala bəy binanın o vaxtkı Kilsə və Daşlı küçələri tərəfə açılan ön qapıların üzərində naxışlar etmək üçün Bakının məşhur nəqqaşını dəvət edir. Təəssüf ki, bu işləmələrin yalnız bir hissəsi –“Oazis” rəsmi – bugünkü günə gəlib çıxa bilib. Evin layihəsinin müəllifi o dövrün nüfuzlu mühəndisi İosif Qoslavskiydir.

ahur1

Bala bəy və İsmət xanım övladları ilə birlikdə 

Aşurbəyovların ailə ənənələri

Qədim evlər sanki canlıdırlar. Hər birinin üzü, dili, ruhu var. Bu binalar çox şeydən bəhs edə bilərlər.

Aşurbəyovların imarətləri gözəl vaxtları xatırlayır, çünki Aşurbəyovlar çox mehriban ailə olublar. Bu evdə Teymur bəy Aşurbəyov öz xanımı Tutu xanım ilə və böyük oğlu Əli bəy ilə birlikdə və həmçinin Bala bəy ilə İsmət xanım yaşayırdılar. Burada onların övladları Sara xanım, Sitarə xanım, Məryəm xanım, Rəşad bəy, Adilə xanım və Nazimə xanım dünyaya göz açıblar.

Aşurbəyovlar varlı ailə olsalar da, uşaqlarının heç birinə səfil həyat tərzi sürməyə icazə verilmirdi. Onlar tərbiyəçiləri ilə birlikdə müxtəlif dillərdə danışmağı, fortepianoda çalmağı öyrənirdilər. Lakin ciddi tərbiyə üsullarına baxmayaraq uşaqların və valideynlərin arasında daim qarşılıqlı anlayış var idi.

Aşurbəyovların ailəsində əzəli olan adətlərə daim riayət olunurdu. Hər gün naharda ailə masanın ətrafında toplanırdı. Əvvəllər yeməkləri Tutu xanım özü bişirirdi, lakin sonra isə aşpaz Əli Rza gəlir. Aşurbəyovlardan əvvəl Əli Rza məşhur iş adamı, xeyriyyəçi və himayədar Hacı Zeynəlabdin Hacıyevin evində işləyirdi.

Aşurbəyovun qardaşları məşhur xeyriyyəçi idilər. Onların iştirakı olmadan bir dənə belə olsun xeyriyyəçilik tədbiri təşkil olunmurdu. Buxar əmirinin təşəbbüsü ilə Sankt-Peterburqda məscid tikiləndə Bakının milyonerləri, həmçinin Aşurbəyovlar, onun tikilməsinə böyük məbləğlər ayırmışdılar. Məscid demək olar ki, hazır olandan sonra Bala bəy onun tikilməsinə sərf etdiyi vəsaitlərdən əlavə məscidə dua edilən otaq üçün dəbdəbəli büllür çılçıraq hədiyyə edir.

ashurbekov house in Baku

Altı uşaq anası olan İsmət xanım da xeyriyyəçilik və maarifçilik fəaliyyəti üçün vaxt tapırdı. O, bir neçə qadın xeyriyyəçilik təşkilatlarının, xüsusən də müqəddəs Nina təşkilatının üzvü idi. Aşurbəyovların imarəti köhnə Bakının ən qonaqpərvər evlərindən biri hesab edilirdi. Həmçinin Aşurbəyovlar kasıb tələbələrə dəstək və kömək edirdi.

İsmət xanımda həm şərq, həm də qərb xüsusiyyətləri birləşirdi. O, fars dilində mükəmməl şəkildə danışmağı bacarırdı. Ömər Xəyyamın, Səədin şeirlərini orijinal dildə oxuyurdu. Həmçinin İsmət xanım alman və fransız dillərində də sərbəst danışırdı. O, incə zövqü ilə, zadəgan davranış qaydaları ilə, hər il Parisdən gətirilən möhtəşəm libasları ilə fərqlənirdi. İsmət xanım əksər hallarda Qarabağ libaslarına üstünlük verirdi. Bunun sübutu bugünkü günümüzə gəlib çatan şəkillərdir.  Və İsmət xanım öz uşaqlarını çox sevirdi.

Bütün ölkə ağır dövrdən keçdiyi zaman Aşurbəyovların imarətləri öz üzərində o dövrün bütün kəskin çevrilişlərini sınamışdı. 1918-ci ildə daşnaqların mart ayında qanlı hadisələr törətdiyi zaman Aşurbəyovlar Sabunçuda gizlənməli olurlar. İmarəti Aşurbəyovların qızlarının tərbiyəçisi xilas edir. Binanın qarşısında fransız bayrağını asaraq o, özünü fransız kimi təqdim edir və imarətin böyük bir hissəsini talandan qoruya bilir. Lakin daşnaqlar binanın arxa hissəsindən daxil olurlar və Əli bəyin otaqlarını talan edirlər, özləri ilə apara bilmədikləri hər bir şeyi isə sındırıb mundarlayırdılar. Məsələn, dəbdəbəli dörd mərtəbəli güzgüləri, gözəl divar kağızlarını, divarlardakı işləmələri və s.

Ashurbekov house in Baku Azerbaijan

Azərbaycan Demokratik Respublikasının qurulmasından sonra Aşurbəyovlar öz imarətlərinə qayıdırlar. 1920-ci ildə Azərbaycana XI qırmızı ordu daxil olur. Aşurbəyovlardan onların malikanələrini, bağ evlərini və digər mülkiyyətlərini alırlar. Nəriman Nərimanovun köməyi ilə Bala bəy Aşurbəyov ailəsi ilə birlikdə İstanbula köçə bilir. Dolanmaq üçün onlar İsmət xanımın daş-qaşlarını satmalı olurlar. Xoşbəxtlikdən, İsmət xanımın çoxlu zinət əşyaları var idi. Bala bəy həyat yoldaşını çox sevirdi və ona tez-tez daş-qaşlar hədiyyə edirdi.

Doğma şəhəri üçün darıxdığı və qardaşının məktublarda ondan qayıtmasını xahiş etdiyi üçün Bala bəy Azərbaycana qayıdır. Bu onun həyatında ən böyük səhv olur. 1935-ci ildə Bala bəy Aşurbəyov həbs olunur. Onu neft istehsalçısı olmağında ittiham edirdilər. İki ildən sonra Mərkəzi Asiyada Bala bəy Aşurbəyov güllələnir. Qardaşının ölüm xəbərini alan Əli bəy infarktdan vəfat edir.

Rəşid bəyin də taleyi faciəvi şəkildə başa çatır. O, tibb universitetinin məzunu idi. Rəşid bəy cəbhəyə gedir və 1944-cu Budapeştin azad olunma əməliyyatında iştirak edən zaman vəfat edir. İsmət xanımın qızları qardaşının ölümünü uzun zaman analarından gizlədirdilər. İsmət xanım 1954-cü ildə evliliyinin əllinci il dönəmində vəfat edir. O, son nəfəsinə qədər oğlunun müharibədən qayıdacağını gözləyirdi.

“Neft istehsalçının uşaqları” damğası uzun illər boyu Bala bəy Aşurbəyovun ailəsinin həyatını zəhərləyirdi. Bala bəy Aşurbəyovun böyük qızı Sara Aşurbəyli bütün dünyada məşhur olan tarixçi olub, həmçinin Azərbaycan Rəssamlar İttifaqının üzvü olub.

Məhz onun ensiklopedik biliklərinin və fenomen yaddaşının sayəsində Aşurbəyovlar nəslinin və onların imarətlərinin tarixçəsini bərpa etmək mümkün olub.  Sara xanım uzun və əzablı bir ömür yaşayıb. O, İstanbulda kolleci müvəffəqiyyətlə bitirir, daha sonra isə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) şərq fakültəsinin tarix şöbəsində təhsilini davam etdirir.

Sara xanım yeddi dildə sərbəst danışa bilirdi, rəsm əsərləri yaradırdı və, ən əsas, özündən sonra çox qiymətli elmi işlər qoyub gedib. Məhz bu istedadlarının sayəsində Sara xanım ağır dövrün öhdəsindən gələ bilir. Onu bir sıra işlərdən “xalq düşməni”nin qızı olduğu üçün azad edirdilər. Sara xanım isə xəstə anasına və belə həyat tərzinə öyrəşə bilməyən üç bacısına baxırdı.

Bərpa işləri bügünkü Bakının görünüşünü daha da gözəlləşdirib. Paytaxtın ən görkəmli memarlıq inciləri ikinci həyat qazanırlar.

Son xəbərlər
Digər xəbərlər