Bu il neft bazarına əsas təsiri məhz “OPEC+” ölkələrinin siyasəti və koronavirus pandemiyası göstərəcək.
Bunu “Fitch” reytinq agentliyinin təbii ehtiyatlar və xammallar üzrə qrupun direktoru Dmitri Marinçenko deyib.
Onun sözlərinə görə, ABŞ-ın şist sənayesi hələ 2-3 il böhrandan əvvəlki səviyyələrə çata bilməyəcək.
Marinçenko bildirib ki, 2020-ci ilin oktyabrından etibarən “OPEC+” anlaşması ölkələrində neft hasilatının mütəşəkkil qaydada azalması, kommersiya ehtiyatların azalması və əhalinin koronavirusdan kütləvi peyvənd olunmasını gözləyən investorların nikbinliyi fonunda neft qiymətləri artmağa davam edir: “Bununla belə, yeni lokdaunlar səbəbindən tələbatın aşağı olması xüsusilə ilin birinci yarısında neft qiymətlərinə təzyiq göstərməyə davam edəcək”.
Xatırladaq ki, 2020-ci il 12 aprel tarixli “OPEC+” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 mln. barel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust – 31 dekabr tarixlərini əhatə edirdi. 2020-ci ilin 3 dekabr tarixində “OPEC+” nazirlərinin 12-ci iclasında qəbul edilmiş qərara əsasən, 2021-ci ilin yanvar ayı üçün gündəlik xam neft hasilatının “OPEC+” ölkələri tərəfindən 7,2 mln. barel, müvafiq olaraq Azərbaycan tərəfindən isə 123 min barel azaldılması nəzərdə tutulub. Bununla da, cari ilin yanvar ayında Azərbaycan üçün təklif olunan gündəlik neft hasilatı 595 min barel səviyyəsində müəyyən edilib. 2021-ci ilin 5 yanvar tarixində “OPEC+” ölkələri nazirlərinin 13-cü iclasında isə gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral-mart aylarında da davam etdirilməsi barədə qərar qəbul edilib. Yeni razılaşmaya əsasən, “OPEC+” ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları fevralda 7,125 mln. barel, martda isə 7,05 mln. barel təşkil edəcək. Azərbaycanın isə bu ilin yanvar ayındakı 123 min barel həcmində öhdəliyi fevral-mart aylarında sabit şəkildə qalacaq. Beləliklə, yanvar, fevral və mart aylarında Azərbaycan gündəlik xam neft hasilatını 2020-ci ilin dekabr ayına nisbətən 8 min barel artıraraq hasilatı 595 min barel səviyyəsində saxlayacaq.