Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə yanvarın 26-da danışıqlar aparacaq.
“Rosselxoznadzor”un saytı xəbər verir ki, tərəflər Azərbaycandan Rusiyaya pomidor tədarükü ilə bağlı vəziyyəti müzakirə edəcəklər.
Xatırladaq ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti Azərbaycanın daha 5 pomidor istehsalçısına ölkəyə məhsul ixracı ilə bağlı qadağa qoyub. Həmin şirkətlər “Binə Aqro” QSC, “Aqro-Favorit”, “Agroterm” və “Xızı Aqropark” MMC-lər, eləcə də fiziki şəxs Vilayət Rüstəm oğlu Məmmədovdur.
Bu istehsalçıların məhsulunda təhlükəli zərərvericilər aşkar olunduğu bildirilir.
Hazırda Azərbaycanın 33 sahibkarlıq subyektinin Rusiyaya pomidor ixrac etməyə icazə verilir.