“Zaminbank” ASC 02-03 dekabr tarixlərində bir sıra KİV-də yayımlanmış məqalələrin təzadlı və əsassız olduğunu qeyd edir və xüsusilə “dələduzluq” və “Qarabağ əlilinə qarşı haqsızlıq” kimi ifadələrlə ictimaiyyət arasında süni ajiotaj yaratmaq cəhdlərini pisləyir.
Bank açıqlamasında vurğulanır:
“İlk öncə qeyd etmək istərdik ki, bu cür halların qarşısını almaq məqsədilə bank daxilində ciddi nəzarət və mütəmadi monitorinqlər təşkil edilir. Bank müştərilərinə qarşı qeyri-etik yanaşma, süni maneələr və bu kimi digər neqativ hallara yol verilmir və birbaşa bankın rəhbərliyi tərəfindən nəzarət olunur.
Məqalələrdə qeyd edilmiş konkret iki hadisə ilə bağlı müvafiq icra orqanlarının və məhkəmələrin verdiyi əsaslandırılmış qərarlar var.
Belə ki, Rəhmanova Qənimət Cəlal qızının bankımızla bağlı Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanladığı şikayət ərizəsi ilə əlaqədar müvafiq araşdırma aparılmışdır. Belə ki, Göyçay rayon sakini Rəhmanov Fuad Şıxı oğlu ilə “Zaminbank” ASC-nin “Göyçay” filialı arasında 24 avqust 2013-cü il tarixli, 1559 saylı kredit müqaviləsi bağlanmışdır.
Müqaviləyə əsasən, bank Rəhmanov Fuad Şıxı oğluna illik faiz dərəcəsi 28% (iyirmi səkkiz) faiz olmaqla 18 (on səkkiz) ay müddətinə 25000 (iyirmi beş min) manat məbləğində kredit vermişdir. Kreditin təminatı kimi Rəhmanov Şıxı Abdulhəmid oğlu ilə “Zaminbank” ASC-nin “Göyçay” filialı arasında 24 avqust 2010-cu il tarixli, 22 saylı ipoteka müqaviləsi bağlanmışdır və həmin müqaviləyə əsasən, Rəhmanov Fuad Şıxı oğluna məxsus Göyçay şəhəri, Hacı Zeynalabdin Tağıyev küçəsi, 93 nömrəli fərdi yaşayış evi “Zaminbank” ASC-də girov predmeti kimi yüklü edilmişdir.
Lakin borclu Rəhmanov Fuad Şıxı oğlu kredit müqaviləsini şərtlərini pozmuş, banka olan kredit borcunu və ona hesablanmış faizləri vaxtlı vaxtında ödəməmişdir. Dəfələrlə bank tərəfindən şifahi və yazılı xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır.
Kredit öhdəliyi borclu tərəfindən yerinə yetirilmədiyi üçün Bank qanunvericiliyə uyğun olaraq Göyçay Rayon Məhkəməsində Rəhmanov Fuad Şıxı oğluna qarşı iddia qaldırmış və iddia tələbi təmin edilərək götürülmüş kredit borcu ipoteka ilə yüklü edilmiş əmlaka yönəlmişdir. 31.03.2011-ci il tarixində “Zaminbank” ASC-nin xeyrinə qəbul edilmiş Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və əmlak açıq hərracda satılmışdır.
Şikayətçi Rəhmanova Qənimət Cəlal qızının şikayətində göstərdiyi digər xüsusatlar araşdırma zamanı öz təsdiqini tapmadı.
Eyni zamanda, Göyçay rayon sakini Şıxəliyev Tural Səhrab oğlu ilə “Zaminbank” ASC-nin “Göyçay” filialı arasında 12.05.2010-cu il tarixli, 886 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Bank Şıxəliyev Tural Səhrab oğluna illik faiz dərəcəsi 30 % (otuz) faiz olmaqla 18 (on səkkiz) ay müddətinə 10000 (on min) manat məbləğində kredit vermişdir. Götürülən kreditin təminatı kimi 12.05.2010-cu il tarixli, 14 saylı ipoteka müqaviləsinə əsasən Babayeva Səidə Sayquş qızına məxsus Göyçay şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 33 A, mənzil 26 “Zaminbank” ASC-də ipoteka ilə yüklü edilmişdir.
Lakin borclu Şıxəliyev Tural Səhrab oğlu kredit müqaviləsini şərtlərini pozmuş, banka olan kredit borcunu və ona hesablanmış faizləri vaxtlı vaxtında ödəməmişdir. Dəfələrlə bank tərəfindən şifahi və yazılı xəbərdarlıq edilsə də heç bir nəticəsi olmamışdır.
Nəticədə Babayeva Səidə Sayquş qızına məxsus ipoteka ilə yüklü edilmiş Göyçay şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 33 A, mənzil 26 Babayeva Səidə Sayquş qızının öz təşəbbüsü ilə və “Zaminbank” ASC-nin razılığı əsasında satılmış və “Zaminbank” ASC-yə olan kredit borcu tam ödənilmişdir.
Babayeva Səidə Sayquş qızı sonradan Göyçay Rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edərək, Göyçay filialının müdiri Fərzəliyev İlqar Fərzəli oğlu və Şıxəliyev Tural Səhrab oğlu tərəfindən aldadılması barədə ərizə ilə marciət etsə də, Göyçay RPŞ-i 11 noyabr 2014-cü il tarixində Cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul etmişdir”.
Milli.az