Azərbaycanda ölkədaxili nağdsız ödəniş əməliyyatlarının həcmi dekabrda böyük fərqlə artıb.
Banker.az Azərbaycan Mərkəzi Bankının dekabr üzrə statistik açıqlamasına istinadən xəbər verir ki, POS-terminallarla nağdsız əməliyyatların sayı son ayda 19% artaraq dekabrda 5 490 min ədəd təşkil edib.
Burada söhbət 268 milyon manatlıq nağdsız ödənişlər əməliyyatından gedir. Bu da son bir il ərzində nağdsız əməliyyatların 103 mln. manat, yaxud 62% artımı, son bir ayda isə 42 mln. manat, yaxud, 18.58% yüksəlmə deməkdir.
POS-terminallarla 2020-ci il üzrə ödənişlərin həcmi 2 milyard 172 milyon manat olub. Bu illik müqayisədə 839 milyon manat (63%) artım deməkdir.
ELEKTRON TİCARƏT REKORD VURUB
2020-ci ilin dekabr ayı ərzində öncəki ayla müqayisədə e-ticarətlə ödəniş əməliyyatlarının həcmi 1 milyon 83 min ədəd (17.69%) artaraq 7 milyon 206 min ədəd olub.
E-ticarətlə ödəniş əməliyyatları isə 399 milyon manatı əhatə edir. Bu da son bir ayda 81 milyon manat, yəni, 26% artım deməkdir.
2020-ci il üzrə e-ticarətlə aparılan əməliyyatların həcmi 3 milyard 670 milyon manat olub. Bu 2019-cu illə müqayisədə 735 milyon manat (25%) çoxdur.