9 C
Baku
Friday, December 13, 2024

Mərkəzi Bank əmanətlərin sığortalanması barədə addımlar atmalıdır – Samir Əliyev

Sığortalanmayan əmanətlərin payı son bir ildə 34%-dən 47,6%-ə yüksəlib. Yəni əhali tərəfindən banklara yatırılan hər 100 manatın ancaq 52,4 manatı sığortalanır.

Ekspert Samir Əliyevin bildirir ki, əmanətlərin Sığortalanması Fondunun 2014-cü ilin III rübü üçün açıqladığı hesabata əsasən, qorunmayan əmanətlərin həcmi 3,14 milyard manata çatıb. Halbuki 2013-cü ilin III rübündə onun həcmi 1,97 milyard manat olub. İl ərzində 1,17 milyard manatlıq əmanət 9%-dən yuxarı faizlə yerləşdirilib və buna görə də sığortadan kənarda qalıb. Bu müddətdə qorunan əmanətlərin həcmi 450 milyon manat azalaraq 3,42 milyard manata düşüb. Qorunan əmanətlərin azalması kompensasiya olunmuş əmanətlərə də təsir edib. İl ərzində kompensasiya olunmuş əmanətlərin həcmi 105 milyon manat azalaraq 1,8 milyard manata düşüb. Qorunan əmanətlərin 53%-i kompensasiya olunur.

Əmanətlərin Sığortalanması Fondunun son hesabatının təhlili göstərdi ki, artıq əmanətlərin sığortalanması mexanizmi səmərəli işləmir və onun təkmilləşdirilməsinə ehtiyac var. Ölkə üzrə əmanətlərin cəmisi 30%-i sığorta mexanziminin təsir dairəsinə düşür. Yerdə qalanları həm qorunmadıqlarına, həm də məbləği 30 min manatdan çox olduqlarına görə sığortadan kənarda qalırlar. Ölkədə kredit faizlərinin aşağı salınması məqsədilə əmanətlərin sığortalanma faizlərinin mərhələlərlə 12%-dən 9%-ə endirilməsi kredit bazarına ciddi təsir etməsə də əmanət bazarında faizləri xeyli aşağı salıb. Təbii ki, aşağı faizlər əmanət bazarının böyümə sürətini azalıb.

Təsadüfi deyil ki, 2013-cü ilin 10 ayı ərzində əmanət qoyuluşu 1,2 milyard manat artdığı halda, bu ilin müvafiq dövründə artım 2 dəfəyədək azalaraq 600 milyon manat təşkil edib. Əvvəllər gözləmə mövqeyi tutan əhali indi çəkinmədən əmanətlərini yüksək faiz verən banklara həvalə edirlər. Kompensasiya olunan əmanətçilərinin yatırımlarının orta məbləği 314 manat olduğu halda, qorunmayan əmanətçilərdə bu göstərici təxminən 5216 manatdır. Artıq yüksək faiz ehtirası etibarlı olan az faizi üstələyir. Əgər hökumət əmənət qoyuluşundan əldə edilən gəlirə tətbiq edilən güzəştin müddəti uzatmasa sığortalanmayan əmanətlərin payı daha da artacaq. Çünki «Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında» qanun bu il qüvvədən düşür.

Deməli, güzəşt müddəti uzadılmasa, 2015-ci ildən başlayaraq əmanət faizlərindən gəlir vergisi tutulacaq. Bu isə əhalini yüksək faizli əmanət təklifinə yönəldəcək. Fond isə faktiki olaraq 6,6 milyard manatlıq əmanətin 1,8 milyard manatına zəmanət verir. Yəni, banka qoyulan hər 100 manatın yalnız 30 manatının taleyinə 100% zəmanət verir. Deməli, 4,8 milyard manatlıq əmanətin taleyi bankın gələcək fəaliyyətindən və onun maliyyə vəziyyətindən asılır.

Dünyanın 100-dan çox ölkəsində tətbiq edilən əmanətlərin sığortalanması mexanizmi əhalinin bank sektoruna inamını artırmaq, bank sektorunda dayanıqlığı təmin etmək məqsədi daşıyır. Azərbaycan bəlkə də sığorta mexanizminin əmanətin faiz dərəcəsinə tətbiq edildiyi yeganə ölkədir. İlkin araşdırmanın nəticəsi bunu göstərir. Çünki digər ölkələrdə əmanət faizinə münasibətdə sığortalanma mexanizminin tətbiqi təcrübəsinə rast gəlinməyib. Azərbaycanın mövcud sığorta mexanizmi daha çox bankların mənafeyinə cavab verir nəinki müştərilərin. Ancaq mövcud mexanizmin təkmilləşdirilməsinə ehtiyac var. Düzdür faiz limiti götürülsə banklar yenidən əmanətlərin faiz dərəcələrini qaldırmağa qaçacaqlar. Ancaq reallıq göstərdi ki, gözlənilənlərə rəğmən əmanət faizlərinin aşağı salınması kredit bazarına ciddi təsir göstərmədi. Əmanətlə kredit faiz dərəcələri arasındakı fərqin artması yalnız bankların qazancının artması ilə nəticələndi.

Belə vəziyyətdə Mərkəzi Bank əmanətlərin sığortalanması mexanizminin səmərəliyini artırmaq barədə addımlar atmalıdır. Bunun üçün kompensasiya məbləğinin artırılması, məsələn, 30 min manatdan 50 min manata çatdırılması yaxşı olardı. Digər dəyişiklik sığortanın tətbiq edildiyi faiz limitinin (9%) aradan qaldırılması ola bilər. Onsuz da banklar, xüsusən də kiçik banklar yüksək faiz təklif edir və əhali bu təklifdən yararlanır. Bunun yollarında biri əmanətin faiz dərəcəsi ilə sığorta haqlarının məbləği arasında əlaqə yaratmaqdır. Yəni bank nə qədər yüksək faizlə əmanət cəlb etsə, Fonda bir o qədər də yüksək sığota haqqı ödəsin. Bu, bankları daha məsuliyyətli olmağa sövq edə bilər.

Son xəbərlər
Digər xəbərlər