Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişiklik layihəsi barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Tahir Mirkişili məlumat verib.
Komitə sədri vurğulayıb ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin əsas istiqaməti ƏDV-dən müvəqqəti azad olması nəzərdə tutulmuş bir sıra mallar (işlər, xidmətlər) üzrə müddətin uzadılmasıdır. Aksizli mallar üzərində həyata keçirilən aksiz siyasətinin davam etdirilməsi məqsədilə aksizə cəlb olunan məhsullar və aksizli malların dərəcələri ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi təklif olunub. Eyni zamanda ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, heyvandarlıq və quşçuluq sənayesinin inkişaf etdirilməsi və xüsusi təhlükəli xəstəliklərin yarada biləcəyi problemlərin qarşısının alınması, zərgərlik fəaliyyətinin inkişafı məqsədilə bir sıra məhsullar üzrə ƏDV-dən azadolma müddətinin uzadılması zərurəti yaranıb.
Dəyişikliklə Azərbaycanda bir neçə mala aksiz dərəcələri tətbiq ediləcək.
Bunlar aşağıdakılardır:
– Qəlyan üçün tütünlər və istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər – hər kiloqramına 30,0 manat;
– Qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları – 1000 ədədinə 12,9 manat.
Digər bir dəyişikliklə isə ödəmə qabiliyyətini itirmiş bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsi daha 2 il müddətinə ƏDV-dən azad edilir.
Məcəlləyə başqa dəyişikliklə isə qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalı 3 il müddətində vergidən azad olunacaq.
Bundan əlavə, Azərbaycanda külçə, sikkə və ya qranul şəklində qızılın və gümüşün satışı vergidən azad olunacaq.
Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.