İ. Əhmədovun sözlərinə görə, ümumiyyətlə, 2005-ci ildən etibarən şirkət müvafiq strateji inkişaf planları əsasında fəaliyyət göstərir: “İlk strategiya 2005-2010-cu illəri əhatə edib. Daha sonra 2011-ci ildə 2025-ci ilə qədər görüləcək əsas işləri özündə ehtiva edən strategiya dünyanın bu sahədə aparıcı şirkətlərindən biri olan “Ernst&Young”ın iştirakı ilə hazırlanıb. Hər il ictimaiyyətə açıqlanan Davamlı İnkişaf Hesabatları da, SOCAR-ın digər hesabatları kimi “Ernst&Young” tərəfindən audit olunur”.
O qeyd edib ki, SOCAR-ın 2025-ci ilədək strategiyasının hələ qüvvədə olduğuna baxmayaraq, Dördüncü Sənaye İnqilabının təsirini, dünya iqtisadiyyatının sürətlə dəyişdiyini və qlobal rəqabətlə ayaqlaşmaq zərurətini nəzərə alaraq, SOCAR artıq yeni strategiyasını da hazırlayıb: “Daha əvvəl bu haqda məlumat da vermişdik. Bu işə dünyanın digər aparıcı məsləhətçi şirkəti “McKinsey” cəlb olunub”.
SOCAR rəsmisi vurğulayıb ki, 2025-ci ilə qədər strategiyanın mövcudluğunu və onun əsasında 2035-ci ilədək yeni strategiya üzərində işlərin aparılmasının əhəmiyyətini SOCAR-ın prezidenti də ötən il dərc olunmuş Davamlı İnkişaf Hesabatının ön sözündə vurğulamışdı: “Ümumiyyətlə, şirkətin inkişaf strategiyası ilə bağlı müxtəlif qeydlər SOCAR-ın açıqlamalarında dəfələrlə yer alıb. Odur ki, bu cür iddiaları irəli sürməkdən əvvəl SOCAR-ın ictimaiyyətə açıq olan hesabatları və digər açıqlamaları ilə tanış olmaq məqsədəuyğun olardı”.
İ. Əhmədov qeyd edib ki, 2035-ci ilə qədər dövrü əhatə edən SOCAR-ın yeni davamlı inkişaf strategiyasının layihəsi artıq ötən il hazırlanıb və hökumətə təqdim edilib: “Hazırda layihəyə baxılır. Yeni strategiya təsdiqləndikdən sonra onun əsas məzmunları haqqında ictimaiyyətə də məlumat veriləcək. Ona qədər isə şirkət daha əvvəl qəbul edilmiş və 2025-ci ilə qədər dövrü əhatə edən strateji inkişaf planı çərçivəsində fəaliyyət göstərir”.