9 C
Baku
Thursday, December 12, 2024

Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin vəzifəli şəxsi həbs edilib

Ölkəmizdə həyata keçirilən islahatlara kölgə salan vəzifəli şəxslər tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək qanun pozuntuları törədilməsi hallarına qarşı prokurorluq orqanlarının mübarizə tədbirləri davam etdirilir.

Mingəçevir şəhər prokurorluğundan verilən məlumata görə, həmin tədbirlərdən biri kimi, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin (DƏDRX) 17 saylı Yevlax Ərazi İdarəsinin baş mühəndisi Rövşən İsmayılovun qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılıb.

Aparılmış araşdırmalarla DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin baş mühəndisi Rövşən İsmayılovun Mingəçevir şəhəri, Q.Nəbi küçəsində yerləşən və AzərSu ASC-nin balansında olan 0,20 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarışı Elçin Abbasova 700 manat pul müqabilində verməsinə, habelə həmin torpaq sahəsinə Mingəçevir bələdiyyəsinin sabiq sədrinin adından saxta “torpaq sahəsinin cizgisi” sənədini hazırlayaraq vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda cinayət işi başlanmaqla, Rövşən İsmayılov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər
Digər xəbərlər