Mədəniyyət naziri Anar Kərimov Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mekan İşanquliyev ilə görüşüb.
Nazirlikdən verilən məlumata görə, A.Kərimov qədim tarixi əlaqələrə, oxşar mədəniyyətə və adət-ənənələrə malik qardaş xalqlarımızın əsrlərdən bəri dostluq və əməkdaşlıq etdiklərini vurğulayıb, Azərbaycan-Türkmənistan mədəni əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib.
Söhbət zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Respublikası Hökuməti arasında 2019-2021-ci illər üçün elm, təhsil, mədəniyyət və incəsənət sahəsində Əməkdaşlıq Proqramı”na toxunulub, iki ölkənin mədəni əlaqələrinin perspektivləri müzakirə edilib, həmçinin həyata keçirilə biləcək birgə layihələr barədə fikir mübadiləsi aparılıb.
Türkmənistan səfiri M.İşanquliyev səmimi qəbula görə təşəkkürünü bildirərək mədəniyyət sahəsində əməkdaşlığı möhkəmləndirmək üçün geniş potensialın olduğunu qeyd edib. Diplomat bu məqsədlə pandemiyadan sonrakı dövr üçün qarşılıqlı kino günlərinin, qastrol səfərlərinin təşkili və birgə tədbirlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan və Türkmənistanın UNESCO və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının əhəmiyyəti qeyd edilib, qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.