Bred bəlkə də indiyə kimi tanıdığın ən çalışqan işçidir. O, həmişə işlərinə konsentrasiya olur. Belə fədakar yanaşma Bredə yüz qat fayda verir: o, peşəkar konsaltinq xidmətləri ilə məşğul olan şirkətdə ən yüksək gəlirli mütəxəssislərdən biri sayılır.
Şükranlıq günündən bir qədər əvvəl Bred ailəsi ilə birlikdə Bostondan Los-Ancelesə gedir. O, ilk günlərini işə sərf etməyi, qalan vaxtını isə ailəsi ilə keçirməyi planlaşdırır. Uçuş əsnasında Bred internetdən istifadə etməməyə, uşaqlarının yanında olmağa və onlarla ünsiyyət qurmağa qərar verir. Bir sözlə, özünə beş saatlıq mini-tətil təşkil edir.
Eniş etdikdə, Bred smartfonunu yandırır və uçarkən dünyada iqtisadi böhranın başladığını öyrənir və bununla əlaqədar olaraq, elektron poçtuna 500-dən çox məktubun gəldiyini görür.
Və bu, mini-tətil üçün olduqca çoxdur.
Həqiqət budur ki, biz informasiya axınından qaça bilmərik. Daim elektron poçtlar, mətnlər, “tvitlər” və digər sosial şəbəkələrdən gələn bildirişlərin içindəyik: bu, yaşadığımız texnoloji dünyanın mühitidir. Bəs zamanla ayaqlaşmaq və hər şeyi çatdırmaq üçün nə etməliyik?
Heç nə.
Hər şeyi çatdırmalı olduğumuz ideyası – vaxt idarəetməsi haqqında ən böyük mifdir. Brendin bu məktubları dərindən oxuya biləcəyinə inanmaq çətindir. Buna görə, özünüzü çox sıxmayın.
Sadəcə razılaşın – sizin resurslarınız məhduddur.
Sutkada cəmi 24 saat var və biz bütün bu vaxt ərzində məhsuldar ola bilmərik.
Bir tərəfdən, bu fikir üzücüdür. Lakin digər tərəfdən, onun köməyi ilə özünüzü iki qat güclü hiss edə bilərsiniz. Belə ki, hər şeyi bir anda edə bilməyəcəyimizi başa düşdükdə, həqiqətən ehtiyacımız olan işlərə üstünlük verməyə başlayırıq. Bir çoxumuz əsasən yeni və təcili tapşırıqlara konsentrasiya olur. Onların içindən “vacib” olanları seçmək üçün bizi nəticəyə aparan faktorları müəyyən etməliyik. Və bu, qətiliklə etməməli olduğumuz tapşırıqları təyin etmək deməkdir.
İndi isə işə başlamaq, “etməliyəm” cəngəlliyindən çıxmaq üçün nə edə biləcəyimizə keçək. Bunun üçün müəyyən alətlərə ehtiyacımız olacaq. Əvvəla, daha məhsuldarlığımıza mane olmayacaq bir mühit yaratmalıyıq. İkincisi, prioritetləri müəyyən etməyi, məqsədli şəkildə tapşırıqların bir hissəsini başqalarına həvalə etməyi və çoxvəzifəliliyi aradan qaldırmağı öyrənməliyik.
Bəs hansı alətlər daha effektivdir? Əgər vaxtınızın bir hissəsini bizdən və ya başqalarından gələn məsləhətlərin doğru olub-olmadığını müəyyən etməyə sərf edirsinizsə, şübhəsiz ki, diqqətinizi tez-tez yayınacaq. Aşağıdakı tövsiyələri nəzərdən keçirin.
1. Son dövrlərdə vaxt idarəetməsi ilə bağlı hansı problemlərlə qarşılaşdığınızı düşünün. Ofisdən çıxarkən bütün günü işlədiyinizi, amma ən vacib işi çatdırmadığınızı başa düşürsünüz? İstedadınızdan və ya müəyyən şeylərə olan marağınızdan maksimum dərəcədə istifadə etmədiyinizi hiss edirsiniz? Tez-tez diqqətiniz yayınır? Mürəkkəb layihələrdən qaçırsınız? Vaxt idarəetməsində mövcud olan metodlardan istifadə edin.
2. Tapşırıqlara vaxt ayıran zaman qarşılaşdığınız ən böyük çətinlikləri müəyyənləşdirdikdən sonra, onlardan birini seçin. Bəlkə də həqiqətən “vacib” olan tapşırıqları hələ müəyyən edə bilmirsiniz. Bəlkə də yanlış alətlərdən istifadə edirsiniz. Bəlkə də ideala çatmaq istəyirsiniz. Sizin üçün tipik olan nədir? Bu suala cavab verin.
3. Əgər bir metodika işə yaramırsa, onu digər problem üçün tətbiq edin. Əgər alınmadısa, taktikanızı dəyişdirin. Sizə xas olan problemləri bir-bir həll edərək, həyatınız üçün onlardan hansıların uyğun olduğunu başa düşün.
Yüzlərlə məktub altında qalan Bred telefonunu kənara qoyur və otelin otağında noutbuk qarşısında oturub onları “vacib” və “daha az vacib” kateqoriyalara bölür. Beləliklə, bütün işini bir saata bitirir. Sonra noutbukunu bağlayır, telefonunu söndürür və yaxınları ilə sərhədsiz əyləncəyə və səs-küyə qərq olur.