Respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun 50-ci km-də, Kür çayı üzərində yeni avtomobil körpüsü inşa edilib.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Məlumatda deyilir ki, körpü 4 aşırımlı olmaqla uzunluğu 175,4 metrdir.
Respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolu Ucar şəhərinin girişindən başlayaraq, 70 km sonra Ağcabədi şəhərinin cənubunda R18 Mingəcevir-Bəhrəmtəpə avtomobil yoluna birləşir. Yolun yenidən qurulması layihəsi üzrə mövcud yol oxu saxlanılmaqla yolun 3-cü texniki dərəcəli yol parametrlərindən 2-ci texniki dərəcəli yol parametrlərinə təkmilləşdirilməsi işləri aparılıb.
Layihə çərçivəsində ümumilikdə uzunluqları 20 m-dən 175 m-ə qədər dəyişən 1-4 aşırımlı 7 avtomobil körpüsü inşa edilib.
Ucar-Zərdab-Ağcabədi avtomobil yolu üzərində Kür çayı körpüsündən sonra yolun Qarasu və Göyçay çayları üzərində inşa olunan körpülər gəlir. Belə ki, hər bir körpünün uzunluğu 106 metr təşkil edir.