ASC-nin baş ofisi yeni ünvana köçüb.
Bankın İdarə Heyətinin üzvü Nəcəf Cəfərli bildirib ki, “Armahbank”ın baş ofisi artıq Hüseynqulu Sarabski küçəsi, 657-ci məhəllə ünvanında yerləşir.
“Dövlətin şəhərimizin gözəlləşdirilməsi və abadlaşdırılması üçün həyata keçirdiyi tədbirləri bankımız daima dəstəkləyir. Köhnə ofis ətrafında aparılan quruculuq-abadlıq işlərinə görə, bankın baş ofisi yeni ofisə köçdü. Əslində bankın baş ofisinin yeni ünvana köçməsi “Amrahbank”ın işinə çox müsbət təsir etdi. Baş ofisin yeni ünvana köçməsi bankın fəaliyyətinə, müştərilərinə göstərdiyi xidmətin səviyyəsinə, dinamik inkişafına böyük bir təkan verəcək”, – deyə N. Cəfərli qeyd edib.
O, qeyd edib ki, bank hər zaman olduğu kimi, bundan sonra da ölkə iqtisadiyyatının müxtəlif sahələrinə, o cümlədən sahibkarlığın inkişafına öz töhfəsini verməyə davam edəcək.
Bankın maliyyə göstəricilərinə toxunan N. Cəfərli bildirib ki, “Amrahbank”ın aktivləri 167 mln. manata çatıb. Bu isə keçən ilin eyni dövrü ilə müqayisədə 40% dən artıq artım deməkdir. Noyabr ayının sonuna bankın mənfəəti 5 mln. manatı keçib. Bankın kapitalı cari ilin fevral ayından Mərkəzi Bankın tələblərinə uyğunlaşdırılmışdır və hazırda 55,5 mln. manatdan çoxdur. “Son bir ildə bankın iki yeni filialı açılıb ki, bu da ölkə üzrə müştərilərə daha yüksək xidmət göstərməkdir”, – deyə bankın İdarə Heyətinin üzvü bildirib.
1993-cü ildə təsis edilmiş “Amrahbank” Azərbaycanın ilk və aparıcı banklarından biridir. “Amrahbank” həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir. Hal-hazırda bankın 23 filialı və 1 şöbəsi fəaliyyət göstərən bank paytaxtla yanaşı respublikamızın Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı, Goranboy kimi regionlarını əhatə edir.
Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı (www.iib-bahrain.com) 2008-ci ildən “Amrahbank”ın strateji səhmdarıdır.
APA.az