Rusiyanın “Lukoil” neft şirkəti Azərbaycan və Türkmənistanın Xəzər dənizində birgə istismar edəcəyi “Dostluq” yatağında iştirak edəcək.
Bu barədə Türkmənistan mətbuatı xəbər verir.
Bildirilir ki, bu barədə bu gün Türkmənistan Prezidenti Qurbangulu Berdımuhammədov və “Lukoil” şirkətinin rəhbəri Vahid Ələkbərov arasında keçirilən görüş zamanı razılıq əldə edilib.
Türkmənistan prezidenti bildirib ki, Türkmənistan tərəfi “Lukoil” şirkətinin “Dostluq” yatağının işlənilməsində iştirakını dəstəkləyir: “Layihənin reallaşdırılması ilə bağlı konkret investisiya təkliflərini nəzərdən keçirməyə hazırıq”.
“Lukoil”un rəhbəri isə bildirib ki, “Dostluq” kimi unikal layihədə iştirak etmələri üçün maksimum bütün gücünü və layihələrdəki ən yaxşı personalını işə cəlb etməyə hazırdır. O, gözləntiləri doğruldacaqlarına əmin olduğunu vurğulayıb: “Bir daha bu layihənin keyfiyyətcə, ekoloji tələblərə uyğun və vaxtında həyata keçirilməsi üçün hər şeyin ediləcəyini vurğulayıb”.
Xatırladaq ki, Azərbaycanla Türkmənistan arasında yüksək səviyyədə əldə olunmuş razılaşmaya əsasən Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.
Memorandumun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib.
Qeyd edək ki, Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı və zəngin neft-qaz ehtiyatlarının olduğu yataq iki ölkənin dəniz sərhədində yerləşir. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. Ümumiyyətlə, Xəzər dənizində geologiya-kəşfiyyat işlərinin aparılması, yeni yataqların aşkarlanması bilavasitə Azərbaycan neftçilərinin, geoloqlarının adı ilə bağlıdır. Xoşbəxt Yusifzadə, Qurban Abbasov, Bəhmən Hacıyev və digər neftçilərimiz bu işdə böyük rol oynayıblar. SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhədinin tən ortasında yerləşdiyi üçün “Promejutoçnoe”, yəni “Aralıq” adlandırılıb.
“Dostluq” yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə, uzun illər onun işlənməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb. 1998-ci ildə Xəzər dənizinin orta xətti koordinatları üzrə Azərbaycan Respublikası ilə Türkmənistan arasında danışıqlar aparılması üçün ekspert qrupu yaradılıb. Dövlət başçıları arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlər iki dost ölkə arasında bütün məsələlərin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həlli üçün etibarlı zəmin yaradıb.