10 C
Baku
Thursday, December 12, 2024

Bakı Nəqliyyat Agentliyi yanında İctimai Şura yaradılıb və tərkibi bu şəxslərdən ibarət olacaq

Şəhər nəqliyyat sisteminin inkişafında, əhaliyə keyfiyyətli, müasir və təhlükəsiz nəqliyyat xidmətlərinin təmin edilməsində vətəndaş cəmiyyəti institutlarının iştirakçılığını təmin etmək məqsədilə Bakı Nəqliyyat Agentliyi (BNA) yanında İctimai Şura yaradılıb. Şuranın tərkibi nəqliyyat üzrə ekspertlər və Qeyri Hökumət Təşkilatları (QHT), eləcə də ictimaiyyət nümayəndələrini təmsil edən 9 nəfərdən ibarətdir.

BNA-dan bildirilib ki, 19 fevral 2021-ci il tarixində Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlinin İctimai Şuranın üzvləri ilə ilk görüşü keçirilib.

İctimai Şuranın yaradılmasının əhəmiyyətini qeyd edən İdarə Heyətinin sədri bunun Agentliyin öz fəaliyyətində şəffaflığın, aşkarlığın və ictimai nəzarətin gücləndirilməsinə verdiyi önəmin göstəricisi olduğunu deyib.

İctimai Şura şəhər nəqliyyatı sahəsində müxtəlif məsələlərin müzakirəsi üçün məsləhətləşmələr təşkil edən, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı Agentliyə təkliflər verən və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurum olacaq.

Görüşdə Şuranın gələcək fəaliyyət istiqamətləri, şəhər nəqliyyat sisteminin təkmilləşdirilməsində vətəndaş cəmiyyətinin dəstəyi, əhali arasında maarifləndirmə tədbirlərinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Şura üzvləri Agentliyin fəaliyyətinin bütün sahələrində yaxından iştirak edəcəklərini, şəhər nəqliyyatı ilə bağlı məsələlərin ictimai müzakirəsinin daha səmərəli təşkilinə xidmət göstərəcəklərini bildiriblər. Şura üzvləri Şuranın nəqliyyat sahəsində ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınmasına töhfə verəcəyini diqqətə çatdırıblar.

Görüşdən sonra İctimai Şura üzvləri təşkilati məsələləri müzakirə edərək bir sıra qərarlar qəbul ediblər. Səsvermə yolu ilə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Bakı Nəqliyyat Agentliyi yanında İctimai Şuranın sədri, Azərbaycan Texniki Universitetinin Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov isə sədr müavini seçilib.

Qeyd edək ki, İctimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlikdir.

Bakı Nəqliyyat Agentliyi yanında İctimai Şuranın tərkibi aşağıdakı şəxslərdən ibarətdir:

İctimai Şuranın sədri

Əliməmməd Nuriyev “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti

İctimai Şuranın sədr müavini

Fərhad Eyyubov Azərbaycan Texniki Universitetinin Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasının dosenti, nəqliyyat eksperti

İctimai Şuranın üzvləri

Sahib Məmmədov – Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri

Ceyhun Osmanlı – Azərbaycan Könüllülər İctimai Birliyinin yaradıcısı

Davud Rəhimli – Əlil Təşkilatları İttifaqının prezidenti, BMT-nin Əlilliyi olan şəxslər haqqında Konvensiyasnın icrasına dair layihələr üzrə beynəlxalq ekspert

İmaməddin Quliyev – Könüllülər İctimai Birliyinin sədri

Kamal Məmmədov – Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Baş katibi

Elməddin Muradlı – avtosfer.az saytının baş redaktoru, nəqliyyat üzrə ekspert

Nərminə Qasımova – İqtisadi və Sosial İnkişaf Mərkəzinin Proqramlar direktoru

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər