“Azərbaycanla Macarıstan arasında dost münasibətlərinə əsaslanan ikitərəfli iqtisadi əlaqələr ildən-ilə inkişaf etməklə, ticarət dövriyyəsində, o cümlədən idxal və ixracda ardıcıl artımlar özünü göstərib. Qarşılıqlı maraq və səylər nəticəsində bu əlaqələrin qarşıdakı dövrdə daha geniş miqyas alacağını gözləmək olar”.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanla Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi ilə görüşdə vurğulayıb.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ərazilərimizi Ermənistanın işğalından azad etdiyini bildirən S.Babayev işğalçı Ermənistan tərəfindən dağıdılmış həmin ərazilərdə artıq böyük quruculuq işlərinə başlandığını bildirib.
O, macar şirkətlərinin də işğaldan azad olunmuş ərazilərimizdə quruculuq proqramına qoşulmağa hazırlaşmasının məmnunluq doğurduğunu deyib.
Nazir Azərbaycanla Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın Macarıstan tərəfindən həmsədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyyarto ilə ötən ay keçirdiyi görüşü xatırladıb. Həmin görüşdə bu məsələnin də müzakirə edildiyini diqqətə çatdırıb. Alınmış məlumatlara əsasən, həmin şirkətlərə “EXIM Bank”dan artıq 100 milyon dollarlıq kredit xətti də açıldığını qeyd edib.
S.Babayev Macarıstan hökumətinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsinə qrant ayırmasının da dost münasibətinin bir təzahürü olduğunu deyib.
Nazir həmçinin əməkdaşlıqda növbəti müsbət addım kimi, Macarıstanın “Wizz Air” aviaşirkəti ilə yeni müqavilənin imzalandığını, pandemiya ilə əlaqədar məhdudiyyətlər bitdikdən sonra Azərbaycanla Macarıstan arasında aviareyslərin davam edəcəyini diqqətə çatdırıb.
V.Szederkenyi ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini və Azərbaycanla əlaqələri genişləndirmək əzmində olduğunu, ikitərəfli əməkdaşlığın daim inkişaf etdiyini bildirib.
Görüşdə ölkələrimiz arasında əlaqələrin mövcud vəziyyəti və gələcək inkişafı məsələləri, ikitərəfli Komissiyanın fəaliyyəti, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma layihələrinə dair fikir mübadiləsi aparılıb.