Avstraliyanın “Qantas” aviadaşıyıcısı ölkə daxilində səyahəti stimullaşdırmaq üçün “sirli uçuşlar” təşkil edəcək.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
Qeyd edək ki, Avstraliya sakinləri Covid-19 pandemiyası ilə əlaqəli məhdudiyyətlər səbəbindən hələ də xaricə səyahət edə bilmirlər.
Bildirildiyi kimi, sərnişinlər hara gedəcəklərini bilməyəcəklər, amma uçuş marşrutunu oturacaqların arxasında quraşdırılmış ekranlarda izləyə biləcəklər. Bununla da onlar hara getdiklərini təxmin edəcəklər.
Biletlər 4 mart tarixində satışa çıxarılacaq. Brisben, Sidney və Melburndan uçuşlar 27 mart, 18 aprel və 1 may tarixləri üçün planlaşdırılıb. Verilən məlumata görə, ekonom sinif biletlərin qiyməti 737 Avstraliya dolları (577 ABŞ dolları), biznes sinif biletlərin qiyməti isə 1570 Avstraliya dolları (1 220 ABŞ dolları) təşkil edir.
Uçuş bir neçə əlamətdar yerdən aşağı hündürlükdə baş verəcək. Sərnişinlər təxminən səhər yeddidə yola düşəcək və axşam saatlarında geri dönəcək. Hər bir müştəri öz maraqlarına uyğun olan marşrutu seçə biləcək.
Məsələn, Brisben uçuşları şəhər xaricində qonaqpərvərlik, gözəl yeməklər və açıq havada gəzmək istəyənlər üçün əlverişlidir. Sidneyin uçuşları çimərlikdə nahar etmək istəyənlərə, Melburnun uçuşları isə açıq havada aktiv fəaliyyətlə məşğul olmağı sevənlərə və yerli fermer bazarlarını ziyarət etmək istəyənlərə uğun gəlir.
Qeyd edək ki, “Qantas” beynəlxalq uçuşları 2021-ci ilin oktyabr ayında bərpa etməyi planlaşdırır.








