Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı təkliflər hazırlanan zaman dövlət sifarişinin yüksəldilməsi məsələsinə diqqət artırılır. Belə ki, ötən il əvvəlki ilə nisbətən tələbə qəbulu proqnozu 2,3 %, dövlət sifarişi isə 7,13 % artıb.
Bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.
Sənəddə qeyd olunub ki, proqnoz yerlərin 84,5 %-i dövlət, 15,5 %-i isə özəl ali təhsil müəssisələrinin payına düşüb. Ötən il ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin 50,1 %-i dövlət sifarişi ilə təhsil almaq hüququnu əldə ediblər. 2019-cu ildə bu rəqəm 44,75 % təşkil edib.
Bundan başqa, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu il martın 1-dən 16 000 vahid artırılıb və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına nisbəti 2019-2020-ci tədris ilində 45 %-ə çatdırılıb. 2020-2021-ci tədris ilindən başlayaraq bu nismətin 50 %-dən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulur. Eyni zamanda bütün təhsil səviyyələri üzrə təqaüdün miqdarı artırılıb.
Qeyd edək ki, hesabat yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.