Amerikanın texnologiya korporasiyası olan “Apple”, Almaniyanın Münhen şəhərində yeni elm mərkəzinin inşasına, o cümlədən oradakı tədqiqat və inkişaf işlərinə 1 milyard avrodan çox sərmayə yatıracaq. Gələcəkdə mərkəzin işçiləri beşinci nəsil (5G) şəbəkələrin avadanlığı üçün çiplərin hazırlanması ilə məşğul olacaqlar.
Şirkət Münhendə Avropa Silikon Dizayn Mərkəzini (“European Silicon Design Center”) qurmağı planlaşdırır, bu barədə “Apple”ın mətbuat xidməti məlumat verir. Sahəsi 30 000 kv. m olan bu obyekt Münhenin mərkəzində yerləşəcək və 2022-ci ilin sonuna qədər fəaliyyətə başlayacaq. Korporasiyanın digər ofisləri kimi, bu mərkəz də 100% bərpa olunan enerji mənbələri üzərində işləyəcək. “Apple” Avropanın ən böyük mobil simsiz yarımkeçirici tədqiqat və inkişaf mərkəzi olmağı düşünür.
“Münhendəki mühəndis qruplarımızın 5G-nin sərhədlərini araşdırmaqdan tutmuş dünyaya güc, sürət və əlaqə təmin edəcək yeni nəsil texnologiyalarına qədər kəşf edəcəkləri üçün çox həyəcanlıyam. Münhen on dörd ildir ki, “Apple”ın evidir və buna görə Almaniyaya minnətdarıq”, – deyə şirkətin CEO-su Tim Kuk söyləyib.
Qeyd edək ki, hal-hazırda “Apple”ın tərtibatçılarının təxminən yarısı Almaniyada çalışır. Şirkətin ölkə üzrə 4 mindən çox işçisi var. Eyni zamanda, Münhen 40 ölkədən 1500 mütəxəssisin çalışdığı Avropanın ən böyük mühəndislik mərkəzidir.
Son beş ildə texnologiya korporasiyası Almaniya daxilində 700-dən çox şirkətə təxminən 15 milyard avro investisiya qoyub. İnvestisiyaların böyük hissəsi çip istehsalçısı “Infineon”, akkumulyator istehsalçısı “Varta” və polimer tədarük edən “DELO” şirkətlərinə yatırılıb.