Mövcud pandemiya şəraitində koronavirus (Covid-19) infeksiyasının yayılması risklərinin minimallaşdırılması üçün bir sıra tədbirlər, o cümlədən dövriyyədən daxil olan pul nişanlarının Mərkəzi Bankın xəzinələrində xüsusi karantin rejimində saxlanması, müddət bitdikdən sonra onların avtomatlaşmış sistemlərdə emal edilməsi və təkrar tədavülə yüksək keyfiyyətli pulların buraxılması kimi tədbirlər görülüb.
Bu barədə Mərkəzi Bankın illik hesabatında deyilir.
Hesabat dövrü ərzində Mərkəzi Bank tərəfindən 628 ədəd (29 523 manat) saxta pul nişanı aşkarlanaraq tədavüldən çıxarılmış və hüquq mühafizə orqanlarına təqdim edilmişdir ki, bu da 2019-cu illə müqayisədə 30% azdır. 2020-ci il üzrə tədavüldə olan hər 425 000 ədəd kağız pul nişanına 1 ədəd saxta pul nişanı düşmüşdür ki, bu da beynəlxalq təcrübə ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır (Avrozonada hər 59 min ədədə – 1 ədəd, Rusiya üzrə hər 143 min ədədə – 1 ədəd). Saxtakarlığa qarşı mübarizə çərçivəsində Mərkəzi Bank tərəfindən istifadəyə verilmiş “Saxta Pul nişanlarının Monitorinqi Sistemi” vasitəsilə bu sistemə inteqrasiya olunmuş hüquq mühafizə orqanları ilə operativ informasiya mübadiləsi təmin edilmişdir.
İl ərzində pul nişanları ilə bağlı maarifləndirmə tədbirləri çərçivəsində kommersiya banklarının və nağd pul üzrə ixtisaslaşmış digər təşkilatların nağd pulla əməliyyat aparan əməkdaşlarına yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanları və pulların saxtalaşdırılmasına qarşı mübarizə mövzusunda vebinarlar təşkil edilmişdir.
Bütövlükdə Mərkəzi Bank tərəfindən milli valyuta üzrə ehtiyatların optimal və təhlükəsiz idarə olunması, tədavülün yüksək keyfiyyətli pul nişanları ilə təmin edilməsi, kritik informasiya sistemlərinin davamlı modernizasiyası və eləcə də nağd pul idarəetməsi sahəsində biznes proseslərin rəqəmsallaşdırılması kimi prioritetlər diqqət mərkəzində saxlanılmışdır.