10 C
Baku
Thursday, December 12, 2024

Aqrar məsləhət xidmətlərinin inkişafı üçün Qubada pilot fəaliyyət başlayıb

Avropa İttifaqının maliyyələşdirdiyi “Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsinin praktiki hissəsi kimi yaxın günlərdə Qubada regional ofis açılacaq.

Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Nümayəndəliyindən bildirilib.

Məlumata görə, ofis ölkədə aqrar məsləhət xidmətlərinin inkişafı üçün hazırlanmaqda olan strategiyanın və hazırlanmış yeni modelin region fermerlərinə uyğunluğunu sınaqdan keçirəcək.

FAO-nun həyata keçirdiyi “Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində Azərbaycanda aqrar məsləhət xidmətlərinin inkişafı üzrə beşillik strategiya hazırlanır. Layihədə həmçinin iki pilot regionda – Gəncə və Quba regionlarında bu strategiyaya uyğun üçillik planlar hazırlayıb icra etmək də nəzərdə tutulub.

Layihənin regional fəaliyyəti Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarını əhatə edəcək. Region iqtisadiyyatında üstünlük təşkil edən aqrar sahə istiqamətlərindən, fermerlərin məşğulluğundan asılı olaraq aqrar məsləhət xidmətlərindən istifadə mexanizmi təqdim ediləcək. Layihə əməkdaşları region fermerləri, aqrar məsləhət xidməti təminatçıları, bələdiyyə və Kənd Təsərrüfatı Nazirliyinin regiondakı alt qurumlarının nümayəndələri ilə görüşlərdə yeni aqrar məsləhət xidməti modeli barədə məlumat veriblər. Bildirilib ki, yeni model dövlət büdcəsindən əlavə (çox) xərclər tələb etmir və həm dövlət, həm də özəl aqrar məsləhət xidməti təminatçılarını fermerə məsləhət xidməti göstərmək üçün bir araya gətirir. Modeldə bütün tərəflərin innovasiya və yeniliklər əldə edə biləcəyi məlumat bazası da nəzərdə tutulub.

“Quba-Xaçmaz iqtisadi regionunda yeni modeli sınaqdan keçirmək üçün bir sıra üstünlüklər var: regionda bitkiçiliyin inkişafı, fermerlərdə təsərrüfatçılıq ənənələrinin formalaşması, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu, Regional Aqrar Elm və İnnovasiya Mərkəzi kimi qurumların burada yerləşməsi, münbit torpaq və iqlim şəraiti aqrar məsləhət xidmətinin bütün fermerlər üçün əlçatan edilməsini vacib edir. Lakin regionun Azərbaycan Dövlət Aqrar Universitetindən uzaqlığı bizi aqrar məsləhət xidməti göstərə biləcək gənc mütəxəssislərin azlığı kimi halla üz-üzə qoyur”, – Layihənin milli koordinatoru Vüqar Bəşirov bildirib.

O həmçinin qeyd edib ki, regionda icmaların seçilməsi üçün fəaliyyətə başlanıb. Aqrar sahə iştirakçıları ilə görüşlərdə bu barədə onların fikirləri və təklifləri qiymətləndirərək seçim başa çatdırılacaq və pilot fəaliyyətlər həmin icmalarda tətbiq ediləcək.

Son xəbərlər
Digər xəbərlər