“Boston Dynamics” şirkəti anbarlarda qutuların yerinin dəyişdirən yükləyici robot təqdim edib.
Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “The Verge” yazıb.
Qeyd edildiyi kimi, bu robot təkərləri olan dördkünc platforma, ətrafda baş verən hadisələri izləyən kameralar və datçiklər, o cümlədən qutuları götürməyə və yerini dəyişdirməyə imkan verən “əl” ilə təchiz edilib. “Boston Dynamics”in təqdim etdiyi bu maşın 23 kiloyadək ağırlığı daşıya bilir.
Anbarlarda avtomatlaşdırma avadanlığı quraşdırıldıqda, o bir yerə qoyulur, ətrafında isə müəyyən iş sahəsi qurulur. “Boston Dynamics” robotu qutuların yüklənməsi və ya boşaldılması lazım olan istənilən yerə hərəkət edə bilir.
Şirkət bu robotun saatda 800-dən çox qutu daşıya və şarjsız səkkiz saata qədər işləyə biləcəyini iddia edir. Bir neçə saatlıq məşqdən sonra istənilən şəxs onu idarə edə bilər.
Robotun qiyməti hələ məlum deyil. “Boston Dynamics” onu sınaqdan keçirəcək müştərilər axtarır və 2022-ci ildə kommersiya istehsalına başlamağı planlaşdırır.