“LUKoil Uzbekistan Operating Company” şirkətinin baş direktoru Stepan Qurjiy “LUKoil” şirkəti prezidentinin Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistandakı nümayəndəsi təyin olunub.
Bu barədə Rusiya şirkətinin idarə heyəti müvafiq qərar verib. Belə ki, S.Qurjiy “LUKoil” qrupunun aidiyyəti ölkələrlə əməkdaşlığın inkişafına cavabdeh olacaq.
Qeyd edək ki, Rusiyanın “LUKoil” şirkəti Türkmənistan istisna olmaqla həmin ölkələrdə layihələr üzərində çalışır. Bu il fevralın 18-də “LUKoil” prezidenti Vahid Ələkbərovla görüşü zamanı Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov “Dostluq” yatağının istismarında Rusiya şirkətinin iştirak etmək niyyətini dəstəklədiklərini, həmin layihə ilə bağlı sərmayə təkliflərinə baxmağa hazır olduqlarını bildirib.
Xatırladaq ki, yanvarın 21-də Azərbaycan ilə Türkmənistan arasında Xəzərdəki “Dostluq” karbohidrogen yatağının birgə kəşfiyyatı, çalışdırılması, istismarına dair anlaşma memorandumu imzalanıb.