2021-ci ilin birinci rübündə dünyanın hər yerindəki istifadəçilər mobil tətbiqetmələrə rekord 32 milyard dollar xərcləyiblər.
Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Bu, əvvəlki ilə nisbətən 40% çoxdur, baxmayaraq ki, ən populyar tətbiqlərin reytinqi əhəmiyyətli dərəcədə dəyişməyib.
Mütəxəssislərin sözlərinə görə, mobil sektorun mövcud olduğu dövr ərzində, bu, ən böyük rüblük xərcdir. Ümumilikdə, iOS istifadəçiləri 21 milyard dollar, Android istifadəçiləri isə 11 milyard dollar xərcləyiblər. Bununla yanaşı, məbləğin əhəmiyyətli hissəsi oyun sektoruna xərclənib – 13 milyard dollar (illik müqayisədə +30%).
“Google Play”də ən çox oyunlar, sosial şəbəkələr və əyləncə proqramları, “App Store”da isə foto və video montajı proqramları yüklənib. Eyni zamanda, “Google Play”də yükləmə baxımdan birinci yerdə sosial şəbəkələr, alətlər və maliyyə tətbiqləri olub. Hava izləmə tətbiqləri (+40%) və tanışlıq xidmətləri (+35%)xüsusi populyarlıq qazanıb.
Bununla birlikdə, ən populyar tətbiqlərin reytinqi hər iki platformada nisbətən sabit qalır. Yükləmə sayına görə “TikTok” liderlik edir, onun ardından “Instagram”, “Facebook”, “Telegram”, “WhatsApp” və “Zoom” gəlir. Tətbiqdəki xərclər baxımından “YouTube”, “TikTok”, “Tinder”, “Disney+” və başqaları fərqlənir. Ən unikal istifadəçiləri olan tətbiqlərə isə “Facebook”, “WhatsApp”, “Messenger” və “Instagram” aid olunur.
Analitiklər pandemiyanın mobil oyunlar bazarını inkişafını sürətləndirdiyini və digər tətbiqlərin yüklənmə sayını təxminən 2.5 dəfə üstələdiyini qeyd edirlər. 2021-ci ildə proqnozlara görə, bu sektorda xərclər 120 milyard dollara çatacaq. Xatırladaq ki, 2020-ci ildə bu rəqəm 143 milyard dollar olub.