“Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyəyə çatıb”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinə dair “dəyirmi masa”da çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə bütün platformalarda bir-birinin yanındadır.
Nazir bildirib ki, Azərbaycan Türkiyə ilə çoxşaxəli əməkdaşlığını daha da genişləndirmək niyyətindədir: “Bu günə qədər iş adamları arasında çoxsaylı tədbirlər keçirilib. İş adamlarının iştirakı ilə keçirilən biznes forumlar, ticarət missiyalar yeni layihələrin keçirilməsinə şərait yaradır. İkitərəfli əməkdaşlığımızda ticarət sahəsi mühüm yer tutur”.
Mikayıl Cabbarovun sözlərinə görə, öndəki illərdə ticarət dövriyyəsində artım müşahidə edilməsinə baxmayaraq pandemiyanın qlobal ticarətə, ölkələr arasında ticarətə mənfi təsir etdiyi üçün 2020-ci il ərzində ticarət dövriyyəsi 8 % azalaraq 4,2 mlrd ABŞ dolları təşkil edib: “Əminəm ki, həyata keçirəcəyimiz birgə işlər, həmçinin ötən ilin fevralın 25-də imzalanmış Preferensial Ticarət sazişinin bu il qüvvəyə minməsi ilə ticarət əlaqələrimizin artımına töhfə verəcək. Bu ilin sonuna qədər biz 2019-cu ildə əldə etdiyimiz rəqəmlərdən daha üstün bir ticarət həcminə çatacağıq”.
M.Cabbarov qeyd edib ki, Azərbaycanla Türkiyə arasında Rəqəmsal Ticarət Haqqında Anlaşma Memorandumu ticarət əlaqələrinin yeni müstəvidə genişləndirilməsinə imkan yaradacaq.