Büdcəyə 70 milyon manat vəsait daxil olacaq.
Bir qədər əvvəl əmanət faizlərinə tətbiq edilən güzəştin müddətinin ən azı 1 il uzadılmasının vacibliyini qeyd etmişdik. Ancaq görünür hökumət fikrində qətidir. Hətta bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi hazırlanaraq parlamentə təqdim edilib.
Bu sözləri iqtisadçı-ekspert Samir Əliyev deyib.
Ancaq burada əmanətçilərin 2 vacib nüansa diqqət yetirməsi çox vacibdir. Birincisi, göründüyü kimi, söhbət konkret olaraq bir banka yatırılmış əmanətdən gedir. Əmanətçi vergi ödəməmək üçün əmanətlərini bir neçə hissəyə bölməklə müxtəlif banklarda yerləşdirə bilər. Və ya ailə üzvlərinin adlarına keçirə bilər. Bu, ailə əmanətlərinin inkişafını stimullaşdıracaq. İkinci nüans faizin vergiyə cəlb olunan hissəsi ilə bağlıdır. Əgər əmanətçi banka illik 10%-lə 10 min manat yatırıbsa, bu halda onun gəliri 1000 manat olacaq və deməli, ödəyəcəyi vergi məbləği 50 manat ((1000 AZN – 500 AZN) x 10%) olacaq.
Ekspert vurğulayır ki, neftin qiymətinin azalması fonunda büdcəyə bu yolla əlavə 70 milyon manat vəsait daxil olacaq:
“Hazırda ölkə üzrə əmanət qoyuluşunun həcmi 7 milyard manatdan çoxdur. Orta illik faiz dərəcəsi isə 10%-ə yaxındır. Deməli, söhbət 70 milyon manat vəsaitdən gedir. Güzəşt davam etsəydi hökumət bu qədər vəsaiti əmanətçilərə hədiyyə etməli idi. Ancaq neftin ucuzlaşması fonunda neft gəlirlərinin azalması büdcənin icrasında problemlər yarada bilər. Bunları önləmək üçün hökumət vergi mənbələrini artırmağa başlayıb ki, onlardan biri də əmanətlərə vergi tətbiqinin bərpasıdır.
Əmanətlərin həcminə görə strukturu açıqlanmadığından yeni güzəşt sisteminin tətbiqindən büdcənin nə qədər qazanacağını söyləmək çətindir. Hər bir halda bu, 70 milyon manatdan az olacaq və xeyli əmanətçinin gəlirlərinə toxunacaq. 2015-ci ilin dövlət büdcəsində dividendlərdən, faizlərdən və icarədən gəlir vergisi 81 milyon manat artımla proqnozlaşdırılıb. Böyük ehtimalla bu artımın təxminən yarısı əmanətçilərin hesabına örtüləcək”.
Samir Əliyev onu da əlavə edir ki, “yeni güzəşt mexanizminin bank sistemi üçün yeganə üstünlüyü əmanət bazarında təmərküzləşmənin azaldılması olacaq”.
“Hazırda əmanət bazarının təxminən yarısı ölkənin 5 iri bankının payına düşür. Yerdə qalan yarısına isə 39 bank nəzarət edir. Vergi güzəştinə düşmək üçün əmanətçilər vəsaitlərini banklar arasında bölməli olacaqlar ki, bu da vəsaitlərin bərabər paylanmasını stimullaşdıracaq”.
Ekspert mövcud situasiyanı analiz edərək qeyd edir ki, bu il kreditlərin ucuzlaşasını gözləmək tezdir:
“Ancaq bu addım Mərkəzi Bankın 2015-ci ildə kredit faizlərinin aşağı salınması ilə bağlı qarşısına qoyduğu məqsədə çatması təşəbbüsünə ziddir. Çünki yeni sistem bazarda əmanət faizlərinin artımına gətirib çıxaracaq. Əmanətçini itirməmək və ödənilməli olan vergi məbləğini kompensasiya etmək üçün bank faiz dərəcəsini qaldırmalı olacaq. Bu isə əmanətlərin bahalaşmasını şərtləndirəcək. Deməli, bu il kreditlərin ucuzlaşmasını gözləmək tezdir”.
Qeyd edək ki, məcəlləyə təklif edilmiş dəyişikliyə əsasən, bundan sonra yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin ancaq 500 manatadək olan hissəsi vergidən azad olunacaq. Layihə olduğu kimi qəbul olunsa, bu halda orta hesabla 5000 manatdan yuxarı olan (illik 10%-lə cəlb edilmiş) bütün əmanətlər vergiyə cəlb ediləcək. Əmanətin illik faizi azaldıqca vergiyə cəlb edilməyən əmanətin həcmi də artacaq və ya əksinə. Məsələn, illik 9%-lə 5555 manat, 8%-lə 6250 manat məbləğində güzəştli əmanət qoya biləcəklər. İllik faiz dərəcəsi 11-ə qalxdıqda isə güzəştli əmanətin məbləği 4545-ə qədər azalacaq.
Oxu.az