Fərdi sahibkar malları pərakəndə ticarət obyektində satmaqla yanaşı, onlayn verilən sifarişlər üzrə də malların fiziki şəxslərə çatdırılaraq satılmasını həyata keçirir. Onlayn alış-veriş zamanı alıcıya nəzarət kassa-aparatının çeki təqdim edilməlidirmi?
Dövlət Vergi Xidmətindən Banker.az-a bildirilib ki, pərakəndə satış malların alıcıya satışının son istehlak məqsədilə və yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.
Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində və ya obyektlərdə malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki ilə yanaşı, POS-terminaldan çıxarış verilir.
Həmçinin pərakəndə ticarət qaydasında internet üzərindən təqdim edilmiş mallara görə hər bir alıcıya ayrıca nəzarət-kassa aparatının çeki verilməlidir.