Ötən gün bəzi kütləvi informasiya vasitələrində Hesablama Palatasının 2020-ci il üzrə fəaliyyətinə dair hesabatına istinadən 7 bank vasitəsilə ölkədən nağd xarici valyutanın çıxarılması prosesində Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində aparılmış yoxlamalar çərçivəsində gömrük inzibatçılığı sahəsində natamamlıqların olduğu barədə məlumatlar yayımlanıb.
Bu barədə Komitənin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, bu iddialar tamamilə əsassızdır və gömrük orqanları qanunvericiliyə uyğun olaraq üzərilərinə düşən vəzifələri tam yerinə yetiriblər.
Hüquqi şəxs rezidentlərin valyuta sərvətlərinn ölkəyə köçürməsi və nağd şəkildə gətirməsi, habelə ölkədən köçürməsi və nağd şəkildə çıxarması “Valyuta tənzimi haqqında” Qanununun 8.3 maddəsinə uyğun olaraq həyata keçirilir. Yerli banklar təqribən 1,1 milyard manat ekvivalentində nağd xarici valyuta vəsaitlərinin ölkədən kənara çıxarılmasını rəsmi qaydada və qanunvericiliyin tələblərinə müvafiq olaraq həyata keçirib, bütün ixrac faktları üzrə gömrük bəyannamələri mövcuddur.
Azərbaycan Mərkəzi Bankının da təsdiq etdiyi kimi bu növ əməliyyatlar bankların xarici banklardakı müxbir hesablarına mədaxil edilməsi (müxbir hesabın möhkəmləndirilməsi) məqsədini daşımışdır. Belə ki, yerli kommersiya bankları xarici müxbir banklardakı hesablarının tələb olunan qalıq həcmini (cash collateral) təmin etməsə öz müştərilərinin idxal əməliyyatları üzrə ödəniş tapşırıqlarını, o cümlədən sənədli əməliyyatlar üzrə tranzaksiyalarını yerinə yetirə bilməzlər. Yəni, kommersiya banklarının xarici müxbir banklardakı öz hesablarına nağd vəsait aparması normal bank fəaliyyəti praktikasına və milli qanunvericiliyə tamamilə uyğundur.
Aparılan nağd vəsaitin xaricdəki müxbir hesaba mədaxil olunmasına “gömrük nəzarəti” barədə kütləvi informasiya vasitələrində yayılan fikrə dair bildiririk ki, Dövlət Gömrük Komitəsinin ölkəmizdən ixrac edilən hər hansı malın, o cümlədən nağd valyuta vəsaitin təyinat ünvanına çatıb-çatmamasına nəzarət etmək kimi funksiyası və öhdəliyi yoxdur.
Nağd vəsaitin xaricə göndərilməsi halında isə kommersiya banklarının bu ixrac əməliyyatları onların balansında mütləq əks olunur və nağd vəsaitlərin balans hərəkətinə nəzarət aidiyyatı qurumun funksiyalarına aiddir.