7 C
Baku
Thursday, December 12, 2024

2021-ci ildə diqqətəlayiq 5 biznes-məktəb

2020-ci ilin əvvəlində Avropada COVID-19 hekayəsi başlayanda biznes-təhsilindəki oyunçular narahat olmağa başladılar. İlk baxışdan, biznes-məktəblər qədər risk ilə üzləşən təşkilat yox idi: buradakı sinif otaqları həmişə tələbələrlə dolu idi, müəllimlər isə daim dünyanın bir küncündən o birisinə yer dəyişirdi. Üstəlik, biznes-model hər zaman ən yüksək təhsil keyfiyyətini yalnız şəxsi qarşılıqlı təsir yolu ilə əldə edilə biləcəyi fikri üzərində qurulurdu. Ölümcül respirator xəstəliyinin yayılması ilə bu prinsip cəlbediciliyini itirdi.

Tezliklə universitetlərdəki həyatın əvvəlki kimi olmayacağı başa düşüldü və tədrislər onlayn formata keçirildi. Ən yaxşı müəssisələrdə isə hibrid modellər inkişaf etdirildi. İdeya o qədər uğurlu oldu ki, bu, gələcək fəaliyyət proqramı kimi qəbul edilməyə başladı.

Potensial zəifliyə baxmayaraq, biznes-məktəblər böhrandan çıxmaq üçün bəlkə də ən əlverişli vəziyyətdə idilər. Onlar insanlara qeyri-sabitlik şəraitində inkişaf etməyi öyrədirlər, buna görə real fəlakətin öhdəsindən gəlmək məcburiyyətində qaldıqları zaman “öz qabına” düşdülər. Onlar bu sınaqdan keçdilər. Zoom həyat tərzinə çevrildi, uzaq məsafədən təhsilə keçmək istəyinin olmaması problemi aradan qalxdı, yeni texnologiyalar maliyyə qazandı və ən yaxşı təcrübələrin mübadiləsi həyata keçirildi.

Biznes-məktəblərin qeyri-müəyyənliyə verdikləri reaksiya professorları vəhdətə gətirdi. Belə ki, başqalarının ruh düşkünlüyündən öz xeyrinə, yenilikləri tətbiq etmək və gələcəyi formalaşdırmaq üçün istifadə etmək olar.

Budur sizə 2021-ci ildə mütləq nəzərdən keçirməli olduğunuz beş Avropa universitetini təqdim edirik.

NEOMA, Paris, Reyms və Ruan (Fransa)

Zoom-dan bezmisiniz? NEOMA – Paris, Reyms və Ruan şəhərlərində şəhərcikləri olan biznes-məktəb – pandemiyanın əvvəlindən uzunmüddətli videokonfransların xoşagələn proses olmayacağını bilirdi. Nə etmək olar? Məktəb Avropada virtual kampusun inkişafını sürətləndirməyi seçdi.

Gözəl ideyadır: Minecraft üslubunda ada və 80-dən çox otaqdan ibarət olan kampus. Burada tələbələr və müəllimlər avatarlarını yarada, mühazirələrdə iştirak edə, layihələrini təqdim edə, müzakirələr apara və birgə iş həyata keçirə bilərlər.

Rəqəmsal kampusun inkişafı COVID-in müdaxiləsindən əvvəl də başlamışdır. “Bizim bir neçə kampusumuz var, lakin tez-tez bütün tələbələrimizi bir yerə toplamaq zərurəti ilə üzləşirdik. Virtual kampus bu məqsəd üçün idealdır”, – deyə məktəbin nümayəndəsi izah edir.

Nəticədə sanki gələcəyə baxırsınız kimi bir təəssürat yaradan layihə alındı. Professor tələbələrinin avatarlarına baxaraq, mühazirə deyə, dinləyicilər isə dərslərdə iştirak edə və qrup yoldaşlarından əks əlaqə ala bilərlər. Qrup müzakirəsini kənara qoysaq, həmkarınıza yaxınlaşıb ondan lazımi materialları istəyə bilərsiniz. Burada bədən dili də mövcuddur: əl sıxmaq, baş əymək, alqışlamaq və ya çiyin çəkmək.

Hər bir avatarın virtual kompüterə qoşulmaq və internetdən istifadə etmək hüququ var. Bəli, bu real həyat deyil, lakin ona çox bənzəyir. “Bu cür alətlər başqaları ilə bir yerdə olduğunuz təəssüratını yaradır”.

Zoom-dan istifadə etdikdə, öz görüntünüzə çox diqqət yetirirsiniz və müəllimin dediklərini eşitmirsiniz. Avatar sizdən ayrılıqda mövcuddur, buna görə rahatlıqla qəhvə içə bilərsiniz, o isə nə lazımdırsa özü edəcək”, Bundan əlavə, professorlar dialoq və qarşılıqlı əlaqə rejimlərindən istifadə etmək imkanını əldə etdilər. Bu, saatlarla qara dördbucaqlıya baxmaqdan daha maraqlıdır.

Eyni zamanda virtual kampus spontanlıq üçün yer buraxır. “Məsələn, dərs zamanı auditoriyanı qruplara ayırmaq istəyirsinizsə, bunu əvvəlcədən planlaşdırmalısınız. Bu da bəzən çətin olur”. Rəqəmsal məkanda isə improvizasiya etmək mümkündür.

Virtual kampus – pandemiya şəraitində verdiyimiz müvəqqəti qərar deyil. “Bu, dördüncü binamızdır. Bəli, əlbəttə ki, o rəqəmsaldır. İclas keçirmək üçün sinif otağına ehtiyacınız varsa, real binalardakı sistemdən istifadə bilərsiniz”. Və bu, NEOMA-nın pandemiyaya verdiyi yeganə cavab deyil: universitetdə virtual turlar üçün VR-dəbilqələrdən də istifadə olunur.

SDA Bocconi School of Management, Milan (İtaliya)

İlk baxışdan, 2019-cu ilin oktyabrında – COVID-in bütün Avropanı silkələməsindən bir neçə ay əvvəl – təmtəraqlı şəkildə yeni korpus açmaq səhv addım kimi görünə bilər. Nə də olsa, yaxın gələcəkdə təhsilin əhəmiyyətli hissəsi onlayn rejimdə keçəcək, bu isə o deməkdir ki, bütün bu müasir siniflər və iclas otaqları toz altında qalacaq.

Lakin  SDA Bocconi universitetinin parlaq korpusu yalnız çöldən deyil, eyni zamanda içdən də gözəldir. Pandemiya başlamazdan əvvəl italyan məktəbi gələcəyin hibridlərdə olduğunu başa düşdü və buna görə də auditoriyalarını kameralarla təchiz etdi.

Bocconi – MBA və MiM-də eyni professorların tədris etdiyi 30-dan çox onlayn-proqramı olan universitetdir. Bu səbəbdən 2020-ci ilin mart ayında koronavirus pandemiyası başladıqda, məktəb tez bir zamanda şəraitə uyğunlaşdı: cümə axşamı növbəti bazar ertəsi günü onlayn dərslərə keçmək qərarı verildi.

Məktəbin dekanı Cuzeppe Soda sözün həqiqi mənasında hibrid təhsilin missiyasını icra edir. “Biz əyani tədrisi onlayn mühazirələrlə əvəz etmək niyyətində deyilik. Bu təhsil formatları bir-birini tamamlayacaq!”, – deyə dekan qeyd edib. Bəli, çox şeyi evdən də etmək olar, lakin üzbəüz ünsiyyət tələbələr üçün daha faydalıdır: bu formatda fikir ayrılıqlarını ifadə etmək və digər ideyaları ortaya qoymaq daha asandır. “Fikirlərin müxtəlifliyi bu dünyanın mürəkkəbliyini dərk etmək üçün əvəzsizdir. Əlaqələri qurmağı bacarmaq lazımdır”.

Bocconi-nin dekanı əlavə olaraq vurğulayır ki, gələcəkdə universitet tələbələrə müasir karyera yollarının müxtəlifliyini nəzərə alaraq “daha az standartlaşdırılmış və daha çox fərdiləşdirilmiş” bir təhsil verməyi planlaşdırır. 12 aylıq əyani MBA proqramı 2 qrupa ayrılmış cəmi 100 tələbəni əhatə edir. “Onların hər birinin adını bilirik, – Soda qeyd edir, – əgər ildə 1000 nəfər tələbə götürsək, bunun mümkün olacağını düşünmürəm”.

Məktəbin digər bir üstünlüyü Milanın özüdür. Son 20 ildə yerli rəhbərlik startaplara yönümlü qanunvericilikdən istifadə edir, Bocconi isə gənc şirkətlər üçün inkubator formalaşdıraraq, sürətini qoruyub saxlayır. Orta əsr maliyyə mərkəzi kimi, onun Brexit-dən sonra Londonu tərk edən bank sektorunun bütün karyera qaynaqlarını acgözlüklə mənimsəməsi gözlənilir. Əlbəttə ki, Milan həm dizayn, həm dəb, həm də lüks malların istixanasıdır. Buna görə də, bu sektorlarla daha yaxından tanış olmaq istəyən hər bir kəs Milana gəlir.

Bütün bunlar şəhəri dəyişdirməyə bilməzdi. Və Milan mədəniyyətlərin əriyib bir-birlərinə qarışdığı şəhərə çevrildi.

Bundan əlavə, Bocconi tələbələrində müasir düşüncə tərzi formalaşdırmağa çalışır. MBA-da hərtərəfli və dərin təhsil verən populizm, iqtisadiyyat və geosiyasət kursları var. Eyni zamanda Bocconi enerji istehsal edən günəş panelləri ilə universitetin rifahına töhfə verir. “Əlbəttə ki, hər şeydən əvvəl insanlara bilik veririk, onlara dəyərlərimizi və dünyagörüşümüzü tanıtdırırıq. Ardıcıllıq, açıqlıq və qərəzsizlik”.

IE Business School, Madrid (İspaniya)

Çox güman ki, bəzi məktəblər yalnız son 12 ayda texnologiyaların təqdim etdiyi imkanları kəşf etdilər. Və bu, təkcə IE Business School deyil. Madrid məktəbinin tacı “dünyaya açılan pəncərə” adlanan WOW-otağıdır. Burada tələbələrin bədən dilini oxuyan, duyğularını və maraq səviyyəsini ölçən, böyük məlumatları təhlil edən interaktiv divar (48 kv. m) yerləşir. IE 2016-cı ildən bəri onlayn mühazirələr oxumaq üçün WOW-otağından istifadə edir. Məktəb distant təhsilin imkanlarından istifadə edən ilk təhsil mərkəzi olmuşdur. Lakin o, təkcə texnologiyaya güvənmirdi: paralel olaraq son tədris üsullarını da tətbiq edirdi.

Nəticə etibarilə, quruma görə “tamamilə gözlənilməz, inkişaf etməkdə olan və sürətlə dəyişən dünyada həyatın dinamikasını və tələbələrin misilsiz ehtiyaclarını dəstəkləmək” üçün yaradılmış “liquid learning” fəlsəfəsi formalaşdı. Yəqin ki, bunu tam başa düşmək üçün köhnə, statik, rəsmiləşdirilmiş tədris üslubunun nə olduğunu xatırlamalı, sonra isə tamamilə əks bir şeyi xəyal etməlisiniz. Bu, “liquid learning” olacaq.

Əsas ideya ondan ibarətdir ki, tələbələrə əyani və onlayn dərsləri keyfiyyətli, hərtərəfli şəkildə tədris edilməlidir. Bu məqsədlə məktəbdə iş birliyi, çevrilmiş sinif otaqları, fərdiləşmə, aktiv öyrənmə, müzakirə, əməkdaşlıq və digər müasir metodikalar istifadə olunur.

“Biz həqiqətən inkişaflarımızın elmi cəhətdən sübut edilmiş məlumatlara əsaslandığına və təhsil prosesinə yalnız müsbət təsir göstərdiyinə diqqət yetiririk. Universitetlər başa düşürlər ki, təhsilin gələcəyi həqiqətən də tədris metodikasından asılıdır. Bütün bunların bir hissəsi texnologiyalardır: tədris üçün təchiz edilmiş Zoom otaqları, beyin fırtınası üçün Miro proqramı və s. “Biz təhsili effektiv, praktiki və maraqlı etmək istəyirik”.

Əgər vəziyyətə mükəmməl bələd olan və beynəlxalq münasibətlərin bərpasından dərhal sonra işə başlayan bir məktəb axtarırsınızsa, bundan daha əlverişli variant təsəvvür etmək belə çətindir. Artıq sentyabr ayında  IE yeni kampusunu açacaq – 35 mərtəbə, 600 auditoriya, 64 sinif, 30 təchiz edilmiş otaq və müxtəlif sosial və mədəni tədbirlər üçün nəzərdə tutulmuş açıq sahədən ibarət 180 metrlik qüllə.

Göydələndə həmçinin startapların yaradılmasını sürətləndirmək üçün Venture Lab, memarlıq və dizayn layihələrinin icrası üçün FabLab yerləşəcək. Bundan əlavə, burada idman kortları, üzgüçülük hovuzu, meditasiya otaqları, idman və konsert zalları olacaq.

Bütün bunlar tələbə sayını əhəmiyyətli dərəcədə artıracaq ki, bu da məktəbin çoxmillətli atmosferini qoruyub saxlamağa kömək edəcək. IE – dünyanın ən çoxmillətli universitetidir.

ESMT, Berlin (Almaniya)

ESMT həmişə öyrəşdiyimiz həyat tərzini pozmağa meyl edir. Avropanın startap paytaxtı Berlində yerləşən bir biznes-məktəbdən başqa nə gözləmək olar? Pandemiya özəl universiteti öküzü buynuzundan tutmağa və distant rejimin yeni tendensiyalarını tətbiq etməyə məcbur etdi.

“Biz bir çox uğurlu Amerika kursunu diqqətlə araşdırdıq və onların strukturunu öyrəndik”. Təhsil və texnologiyalar üzrə dekan müavini Nik Barnivil qeyd edir ki, ümumiyyətlə, amerikan məktəbləri hazırda Avropada təklif olunan proqramlardan daha çevikdirlər. Professorun sözlərinə görə, ESMT-də tələbələr fərdi şəkildə müxtəlif modulları və ya fənn bloklarını kombinasiya edə biləcəklər.

ESMT üçün ilk ali təhsil proqramı 24 aylıq bir kurs olacaq, onu bitirmək üçün tələbələrə 5 il vaxt veriləcək. Məktəbin ideyasına görə, təhsil haqqı tələbələr tərəfindən aylıq olaraq ödəniləcək, bu da onların maliyyə yükünü azaldacaq. İlk ildə məktəb 50 nəfər qəbul edəcək, gələcəkdə bu rəqəm 150 nəfərə çatdırılacaq.

Tələbələr karyera istəklərindən asılı olaraq fərdi təlimlərin köməyi ilə kursları tamamlaya və ya Berlində başqa bir yerdə qlobal modul almaq fürsəti əldə edə biləcəklər (bunun üçün əlavə ödəniş etmək tələb olunur). GMAC qrupunun üzvləri olaraq, ESMT-nin onlayn MBA tələbləri məktəbin təklif etdiyi 30-dan çox proqramdan birini seçəcəklər. “Biz həqiqətən insanlara öz proqramlarını yaratmaq şansı veririk və bugünkü bazardakı digər oyunçulardan daha çox sərbəstlik veririk”.

COVID-19 yayılmağa başladıqda, ESMT vaxt itirmədi. Və Future of Management Education Alliance-ın üzvü olaraq, digər iki məktəblə birlikdə (IE və Imperial) işə başladı. “Pandemiya yayıldıqca, mövcud şəraitdə müxtəlif tədris problemləri üzərində işləmək üçün FOMA altqrupları yaratdıq. Onlardan biri hibrid siniflər qrupu idi. Beləliklə, təkəri yenidən icad etməkdənsə tərəfdaşlarımızdan dərs götürməyi seçdik”.

Nəticə etibarilə ESMT yeni vəziyyətə uyğunlaşaraq, mühazirə otaqlarının təkmilləşdirilməsinə yarım milyondan avrodan çox pul xərclədi. Məktəbin sözlərinə görə, hibrid siniflər artıq hazırdır. Bu xərclər artıq özünü doğruldub. Sentyabr ayında ESMT “part-time” olaraq blended-proqramını işə salıb (80% onlayn və 20% əyani).

Bundan əlavə, 2019-cu ildə ESMT startap ideyaları olan tələbələri birləşdirmək üçün öz Vali Berlin inkubatorunu açdı. Qibtəedici fikir sayəsində məktəb təhsil texnologiyalarına diqqət yetirməyə qərar verdi.

Imperial College Business School, London (Böyük Britaniya)

Pandemiya dövründə çox az sayda universitet nüfuzunun artması ilə fəxr edə bilər. Onlardan biri Böyük Britaniyada yerləşən Imperial College London biznes-məktəbidir. Dünyaca məşhur olan bu elmi mərkəz həm peyvəndin hazırlanmasında, həm də ölkədə epidemioloji vəziyyətin modelləşdirilməsində iştirak etdi.

“Halo” effektinin həmçinin namizədlərin müraciətlərinin 33% artdığı Imperial College Business School-a da təsir göstərməsi təəccüblü deyil. Elmlə sahəsində çalışanlar üçün bu məktəb son dərəcədəsə cəlbedici görünməyə başlayıb.

Biznes-məktəb özündə biznes bacarıqlarını və elmi bilikləri birləşdirən Imperia ailəsi ilə sıx bağlıdır. Eyni zamanda son illərdə bir çox yerdə istifadə olunmağa başlayan müasir texnologiyaların (holoqrafik texnologiyalar, “chatbot” və s.) yarandığı EdTech Lab da burada yerləşir.

COVID-19 Avropaya yeni zərbə vurduqda, innovasiyalar professoru qlobal qeyri-müəyyənliyin uzunmüddətli dəyişikliklər üçün katalizator rolunu oynaya biləcəyini başa düşərək, bütün məsuliyyəti öz üzərinə götürdü. Imperial üç addımdan ibarət strategiya hazırladı – sabitləşmə, gücləndirmə və yenilik. Sonuncu addım pandemiya bitdikdən sonra işə davam etməyə kömək edəcək yeniliklərlə bağlıdır.

Məsələn, Imperial müxtəlif tələbələrin eyni vaxtda həm üzbəüz, həm də distant mühazirələrdə iştirak etməyə imkan verən “multimodal sinif” yaratdı. Məktəb nümayəndələrinin sözlərinə görə, bu sinif pandemiyadan sonra da işləyəcək. O, proqramları daha çevik hala gətirəcək ki, bu da həm onlayn, həm də adi formatda təhsil almaq istəyən tələbələri cəlb etməyə kömək edəcək.

2018-ci ildə 5 FOMA üzvü (Imperial da daxil olmaqla) onlayn-öyrənmə platforması yaratmaq üçün Insendi adlı şirkət yaratdı. Bu təşkilat hal-hazırda müstəqil olsa da, Imperial asinxron tapşırıqların əlavə edilməsi daxil olmaqla yeni distant həllər inkişaf etdirmək üçün onunla əməkdaşlıq etməyə davam edir. Pandemiya dövründə daha bir neçə məktəb bu layihəyə qatıldı.

Ümumiyyətlə, Imperial-ın texnologiyalara marağı yalnız təhsil ilə məhdudlaşmır. 2020-ci ilin oktyabr ayında Singapore Management University  ilə birlikdə Singapore Green Finance Centre açıldı. Bu mərkəz Asiyada karbon qazı tullantılarının azaldılması layihələrini inkişaf etdirmək istəyən istedadlı mütəxəssislərə kömək etmək üçün yaradıldı. Bir şey dəqiqdir: Imperial heç vaxt dayanmayacaq.

 

 

 

Son xəbərlər
Digər xəbərlər