6 C
Baku
Sunday, December 15, 2024

“Moody’s” Azərbaycanda ÜDM-i artıracaq amilləri açıqlayıb

Pandemiya ilə əlaqəli məhdudiyyətlərin tədricən götürülməsi və dünya bazarında neft qiymətlərinin bərpası yaxın 12-18 ayda Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) artmasına, eləcə də bankların və borcalanların iş şəraitinin yaxşılaşmasına kömək edəcək.

Bu barədə “Moody’s Investors Service” (Moody’s) beynəlxalq reytinq agentliyinin hesabatında deyilir.

Qeyd edək ki, reytinq agentliyi ölkədə iş şəraitinin yaxşılaşmasını nəzərə alaraq, Azərbaycanın bank sektorunun makroprofil göstəricisini “Çox Zəif +” səviyyəsindən “Zəif” səviyyəsinə yüksəldib.

“Moody’s” həmçinin Azərbaycanın beş bankı – “Azərbaycan Beynəlxalq Bankı” (ABB), “Kapital Bank”, “Xalq Bank”, “Bank Respublika” və “Bank of Baku” ilə bağlı reytinq qərarıları verib. Belə ki, “Moody’s” ABB-nin baza kredit dərəcəsini (BCA) “b3”dən “b2”yə qaldırıb və onun düzəliş edilmiş baza kredit dərəcəsini təsdiqləyib. Agentlik eyni zamanda “Kapital Bank”ın baza kredit dərəcəsini və düzəliş edilmiş baza kredit dərəcəsini “b1” səviyyəsində, eləcə də “Xalq Bank”, “Bank Respublika” və “Bank of Baku”nun baza kredit dərəcələrini və düzəliş edilmiş baza kredit dərəcələrini “b3” səviyyəsində təsdiqləyib.

Bununla yanaşı, milli və xarici valyutada uzunmüddətli depozit reytinqləri ABB üçün “B1”, “Kapital Bank” üçün “Ba3”, “Xalq Bank” üçün “B2”, “Bank Respublika” və “Bank of Baku” üçün “B3” səviyyəsində təsdiqlənib.

“Moody’s” hesabatında həmçinin qeyd edib ki, borcalanlar üçün dövlət dəstəyi 2020-ci ildə ÜDM-in 4,6% -ni təşkil edib və bu tədbirlər banklar tərəfindən verilmiş kreditlərin restrukturizasiyası ilə yanaşı, pandemiyanın mənfi təsirini və borcalanların üzərinə qoyulan məhdudiyyətləri yüngülləşdirib.

Hökumət 2020-ci ildə az gəlirli ailələrə maddi dəstək, işsizlik müavinətləri, müvəqqəti dövlət iş yerlərinin açılması, əmək haqqı və təhsil subsidiyaları və kommunal xərclərdə endirimlər vasitəsilə iqtisadiyyatı dəstəkləyib.

“Moody’s” 2021-ci ildə koronavirusla əlaqəli məhdudiyyətlərin yumşaldılması və neft və qaz hasilatının artması sayəsində real ÜDM-in 3,5% artacağını gözləyir. Hesablamalara görə, yaxın 2-3 ildə iqtisadi artım orta hesabla 3% təşkil edəcək.

Son xəbərlər
Digər xəbərlər