Çində dünyanın ən böyük 5G rabitə şəbəkəsinin qurulmasında ilkin nəticələr əldə olunub.
“Xinhua” xəbər verir ki, bu barədə ölkənin Sənaye və İT Nazirliyinin nümayəndələri bildirib.
Belə ki, nazir müavini Liu Liehonq ötən gün mətbuat konfransında bildirib ki, cari ilin sonunadək ölkədə 5G rabitə standartına uyğun 792 min baza stansiyası qurulub, indiyədək şəbəkəyə 260 milyon terminal qoşulub. Nazirliyin hesablamalarına görə, ilin ikinci yarısında mobil telefon satışlarının 80 faizi 5G rabitəsini dəstəkləyən cihazlar təşkil edəcək.
2021-2025-ci illəri əhatə edən 14-cü beşillik ərzində 5G şəbəkəsini bütövlükdə qurulub başa çatdırmaq nəzərdə tutulur. Həmçinin bu il mart ayından başlayaraq 2023-cü ilədək simli və simsiz “qoşa giqabayt” (dual gigabyte) genişzolaqlı şəbəkənin tətbiq edilərək ilk əvvəl şəhərlərdə qurulacağı bildirilib.